Misli Premyer Liqasının XXX turunda "Səbail" bu gün "Zirə"nin qonağı olacaq.  

"Dənizçilər"in 33 yaşlı yarımmüdafiəçisi Rahid Əmirquliyev Offsideplus.az-a müsahibəsində ötən tur  "Sabah"a qarşı oyundan, komandanın turnir cədvəlindəki durumu və zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalmasından danışıb. 

Müsahibəni təqdim edirik:

- Ötən tur "Sabah" üzərində qələbə qazandınız. Təəsüratlarınız necədir?

- Son turda "Sabah" üzərində qələbə qazanmışıq. Bizim üçün çox vacib qələbədir, çünki çempionatda vəziyyətimiz yaxşı deyil. Son pillədəyik. İstəyirik ki, bu vəziyyətdən çıxaq. Ona görə də oyuna çox ciddi hazırlaşmışdıq. Oyunu evdə keçirdik, bilirdik ki, çətin oyun olacaq. "Sabah" çempionatda ən güclü 2-3 komandadan biridir. Çempionluğa oynayan komandadır. Çətin oyun olacağını bilsək də, yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, bu oyunu yüksək səviyyədə keçirdik, layiqli qələbə qazandıq. Bu turnir cədvəlində də özünü göstərir, yuxarıda olan rəqiblərə çatmış, xal fərqini azaltmışıq. İnşallah, çalışacağıq ki, bundan sonra da belə davam edək və yaxşı oyun və nəticələr qazanaq. 

- Sizcə, "Səbail" turnir cədvəlində son pillədən qurtula biləcək?

- Əlbəttə, həm bizim, həm də "Sumqayıt", "Şamaxı", "Kəpəz" komandalarının I Diviziona düşmək ehtimalı var. Bu 4 komanda arasında aşağı liqaya yuvarlanmamaq mübarizəsi var. Xal fərqi bir-birinə yaxındır. Hər bir oyun bizim üçün vacibdir. Qalan oyunlarda yaxşı hazırlaşıb, diviziona enməkdən qaçmalıyıq. Hələ ki, axırıncı yerdə bizik, lakin xal fərqi böyük deyil. Biz özümüzə inanırıq, komandamızın gücü var ki, çempionatı layiqincə başa vursun. Çətin olacaq, digər komandalar da çempionatda qalmaq istəyir. Amma özümüzə inanırıq. İnşallah, çempionatın sonunda liqada qalan komanda biz olacağıq.

- Zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qaldınız...

Demək olar ki, baş məşqçi dəyişikliyindən sonra bir oyunda - "Sabah"a qarşı matçda iştirak etmişəm. Həmin görüşdə qırmızı vərəqə aldım, sonra bir oyun buraxdım. Daha sonra isə zədələndim. 2-3 oyun zədə səbəbindən oynamadım. Şükürlər olsun ki, indi yaxşıyam. Xeyli vaxtdır ki, komanda ilə məşq edirəm. Lakin yenə də oynamıram, bu, məni də təəccübləndirir. Baş məşqçinin qərarıdır. Həmişə demişəm, yenə də təkrarlayıram, qərara hörmət edirəm. Çalışıram ki, məşq edib, özümü formada saxlayım. Hər an mənə ehtiyac olsa, meydana buraxsalar, canla-başla komanda üçün oynamağa hazıram.

Qeyd edək ki, "Zirə" - "Səbail" matçı bu gün saat 17:30-da başlayacaq.

 

Offsideplus.az