Region Liqası üzrə keçirilən "İrəvan" - "Difai" matçı ilə bağlı skandal baş verib.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, fevralın 5-də "Çinar Zəngilan" və "Difai" komandaları arasında matç keçirilib və birinci komanda 3:0 hesabı ilə qalib gəlib. Oyundan sonra "Difai"nin iki futbolçusu Fərid Bədəlov və Gülalı Mehralıyev hakimi təhqir edib. Hakim qırmızı vərəqə göstərmədən, protokola qeydiyyatını aparıb.

Fevralın 10-u İntizam Komitəsi tərəfindən hakimi təhqir etdiklərinə görə, hər iki oyunçuya 4 oyunluq cəza verilib. Həmin oyunçulardan biri Gülalı Mehralıyev 1 gün sonra "İrəvan"a qarşı oyuna çıxır və komanda 8:0 hesabı ilə qalib gəlir. Qollardan birinin müəllifi də G.Mehralıyev olub.

Daha sonra "İrəvan" komandasının rəhbəri Zahid Niyazalıyev qırmızı vərəqəli futbolçunun oynadılması ilə bağlı şikayət edib. İntizam Komitəsi də bu şikayət əsasında "Difai" komandasına 3:0 texniki məğlubiyyət verib. Məsələ ilə bağlı "Difai" klubu İdman Arbitraj Məhkəməsinə şikayət ünvanlayıb. Məhkəmənin yekun qərarında "İrəvan" komandasının texniki qələbəsi geri götürülüb və 8:0 hesablı qələbə saxlanılıb. Zahid Niyazalıyev sonradan şikayət bildirsə də, qurum heç bir əsas göstərmədən texniki məğlubiyyəti götürdüklərini deyiblər. 

AFFA-nın texniki məğlubiyyət və məğlubiyyət cəzasının ləğvi ilə bağlı qərarları aşağıdakı kimi izah olunub.

İntizam Komitəsinin qərarları:

11 fevral 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “İrəvan” – “Difai” oyununda “Difai” komandasının heyətində İntizam Komitəsi tərəfindən hakimi təhqir etdiyinə görə 4 oyunluq cəza almış 5 nömrəli futbolçu Gülalı Mehrəliyev oyunda iştirak etdiyinə görə “Difai” komandasına 0:3 hesablı məğlubiyyət verilsin (maddə 50.1).

Apellyasiya Arbitraj Tribunalının qərarları:

“Difai” FK tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.
17 fevral 2023-cü il tarixdə İntizam Komitəsi tərəfindən AFFA Region Liqasında çıxış edən “Difai” FK barəsində qəbul edilmiş 0:3 hesablı texniki məğlubiyyət cəzası ləğv edilsin.
 
Offsideplus.az