Misli Premyer Liqasının XIX turunda "Şamaxı" doğma meydanda "Səbail" üzərində 2:1 hesablı qələbə qazanıb.
Cari mövsüm 3-cü qələbəsini qazanan bölgə təmsilçisinin qələbə qolunu penaltidən Amil Yunanov vurub. Uzunmüddətli zədədən qayıdan 30 yaşlı hücumçu matçla bağlı təəssüratlarını Offsideplus.az-a bölüşüb:
"5 aya yaxın idi ki, oynamırdım. Ağır zədədən qayıdıb, komandam üçün qələbə qolunu vurduğuma görə çox xoşbəxtəm. Özümə inamın bərpası baxımından qol vurmağım daha yaxşı oldu. İnanıram ki, bundan sonra da çoxlu qollara imza atıb, komandama kömək edəcəm".
Azərbaycan millisində çıxış etmiş futbolçu 86-cı dəqiqədə meydana daxil olub fərqlənməsi barədə bu sözləri deyib:
"Hər bir hücumçu oyuna çıxanda istəyər ki, qol vursun. İstər 1 dəqiqə oynasın, istərsə də 90 dəqiqə. Əlbəttə ki, özümə inam həmişə var. Şükürlər olsun ki, alındı".
Qeyd edək ki, 19 turdan sonra "Şamaxı" turnir cədvəlində 16 xalla 7-ci pillədə qərarlaşıb.