Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən "Kəpəz" - "Sumqayıt" matçından (0:1) sonra qonaq komandanın baş məşqçisi Samir Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Offsideplus.az  xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

- Uşaqları təbrik edirəm. İlk qalibiyyətdir. Nə qədər ağır olsa da, ilkdir. Belə stiuasiyalarda bilmirik ki, sevinək, ya kədərlənək. Qələbənin səbəbi futbolçuların özlərini oyundan əvvəl maksimum kökləməyidir. Yəni, bunun nəticəsində azlıqda qalsaq da, qol vura bildik. İlk dəqiqələrdən göstərdik ki, qalib gəlmək istəyirik. Hər kəsi təbrik edirəm. Kubok matçında burada uduzmuşduq. Buna baxmayaraq, fanatlar yenə bizi tək qoymadı. Onlara təşəkkür edirəm.

- Qırmızı vərəqəyə qədər üstün oynayırdız. Azlıqda qalsaz da, heç nə dəyişmədi. İlk qələbəni "qırmızı"dan sonra aldız...
- İlk dəqiqələrdən fikrimiz qələbə idi. Udmaq üçün nə lazım idisə, edəcəydik. Nə olur olsun, qələbə qazanmalıydıq. Düşünürəm ki, oyun ərzində baş verən proseslər - qol vurmaq üçün edilən cəhdlər xeyir gətirirsə, növbəti matça da yaxşı motivasiya ilə gedəcəyik. Həddindən artıq problemlərimiz var. Bunu da belə şeylərlə ört-basdır edə biliriksə, böyük şeydir.

- Səfər qələbəsi xarakter hesabına qazanıldı. Oyundan əvvəl heyətlə bağlı radikal addımlar atmışdız. Bunun davamı üçün potensialınız kifayətdirmi?
- Dəyişikliklərin gözlənildiyini demişdik. Meydanda və meydandan kənarda da işlər görürük. Bizim ofisdə gördüyümüz işlər meydançadakını ötüb, keçib. Radikal addımlar vacib idi. Futbolçulara çatdırmaq lazım idi ki, bu gün uddun, uduzdun, müqavilən var, ya yoxdur, bizlik deyil. Heyətimiz kasad olsa da, bu addımı atmaq məcburiyyətində qalsaq da, edəcəyik.

- Araz Abdullayev sizinlə işləmək istəmədi?
- Çağırdım və onunla danışdım. Hər şeyi izah etdim. Tək Araz getməyib, Damian Daniçiç də gedib. Arazın göndərilməsi biz tərəfdən oldu.

- Rəqib "Kəpəz" yox, başqa komanda olsaydı, motivasiya eyni olacaqdı?
- Bu gün rəqib kim olsaydı, bu motivasiya ilə çıxacaqdıq. Rəqib başqa cür oynayıb, bizə problem yaradardımı? Bunu deyə bilmərəm. Biz də boşluqlar verdik. Lakin rəqib kim olsaydı, eyni oynayacaqdıq. "Qəbələ" ilə oyunda da epizodlarımız var idi, amma yekunu qoya bilmədik.

- İki futbolçu ilə yollarınızı ayırdız. Başqa gedənlər olacaq?
- Bu haqda danışmağımız düzgün olmaz. Qışa çox qalmayıb. Hamınız hər şeyi biləcəksiz.

- Yeni futbolçu tapmaq sizin üçün nə dərəcə çətindir?
- Vəziyyətimiz kritikdir. Baxacaqlar ki, 10 komanda var, sonuncu sıradayıq. Turnir cədvəlinə baxıb, imtina edənlər var. Biz əvvəlcə maddiyatı yox, vəziyyətimizi göstəririk. İşimiz çox çətindir və qışdan sonra da bunu yaşayacağıq.

- "Neftçi"də rəhbərliyiniz altında olan oyunçulardan kimisə istəyərdiz?
- Emin Mahmudovu istəyərdim (gülür). (Futbolpres)