Braziliya millisinin sabiq futbolçusu Kaka "Real"da oynadığı günlər haqda danışıb.

Offsideplus.az  "Marca"ya istinadən xəbər verir ki, o, bununla bağlı sözügedən nəşrə açıqlamasında deyib:

"Bir az qəribə səslənə bilər, ancaq "Real"dakı ən yaxşı günüm klubdan ayrıldığımın dəqiqləşdiyi gün idi. Florentino Pereslə danışdığım zaman mənə əlimdən gələn hər şeyi etdiyimi və yaxşı peşəkar olduğumu söylədi. Zədələr və bəzi hadisələr mənə təsir etdi. "Real" və Joze Mourinyo haqda isə heç vaxt pis danışa bilmərəm".

Braziliya millisinin DÇ-2022-dəki  şanslarını da dəyərləndirən Kaka yığma komandanın öncəki turnirdən fərqli olaraq bu dəfəki mundiala daha yaxşı heyətlə yollanacağını vurğulayıb: "Neymar Qətərdə  keçiriləcək Dünya Çempionatında Braziliya millisinin lideri olacaq. Onun yanında Vinisius Junior kimi futbolçuların olması çox vacibdi. 2018-ci ildə baş tutan DÇ-də da Neymar qəhrəman idi, amma indi yanında daha yaxşı gənc oyunçular yer alıb. Bu da Neymarın üzərində olan təzyiqi biraz azaldır".

Qeyd edək ki, Kaka 2009-cu ildə 67 milyon avro qarşılığında "Milan"dan "Real"a transfer olmuşdu. O, 2013-cü ilə qədər çıxış etdiyi "Kral klubunda" 85 oyunda 23 qolla yadda qalıb. 2002-2016-cı illərdə formasını geyindiyi Braziliya yığmasında isə 92 oyunda 29 qol vurub.