"Yaxşı oyun alındı. Məncə, azarkeşlər də bəyəndi. Tribunadakı atmosferi də qeyd etmək istəyərdim".
Offsideplus.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 7-ci turunun "Qəbələ" - "Sumqayıt" matçından sonra qonaq komandanın baş məşqçisi Aleksey Baqa deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Növbəti oyunda da mətbuat konfransında sizi görəcəyik?
- Xahiş edirəm, "Qəbələ" - "Sumqayıt" oyunu haqda sual verərdiniz.
- İndiyə qədər əvvəlki klublarınızda işinizə görə hörmət qazanmısınız. "Sumqayıt"a da böyük ümidlərlə gətirilmisiniz. Nəyə görə burada sizdə alınmır?
- Hər məşqçinin qarşılaşacağı hallardır. Bəzən işləriniz yaxşı gedir, bəzən isə getmir. Buna isə mən sakitliklə yanaşıram. Hər hansı qlobal problem görmürəm.
- "Sumqayıt"ın oyununun nədən ibarət olduğunu anlaya bilmirəm. Belə davam edəcək, yoxsa məzmunlu oyun görəcəyik?
- Məzmunlu oyun deyəndə, nəyi nəzərdə tutursunuz?
- Hər komandanın özünəməxsus oyunu, gedişatları olur...
- Məşqlərdə icra edilir, oyunlarda bunu həyata keçirə bilmirik.
- Yəni hazırki futbolçularla edəcəyiniz maksimum budur?
- Hər bir insanın inkişaf etməsi üçün yeri var. Ola bilər ki, onlardan hansısa böyük stadionlarda oynasın. Sadəcə oyun şəkli deyəndə, nəyi nəzərdə tutursunuz? Yəqin ki, çoxlu ötürmələr, kombinassiyaları deyirsiniz. Praktiki olaraq, hər oyunda mövqelər üzrə dəyişikliklərimiz olur. Bugünkü gündə 5 zədəlimiz var, bura əskiklə gəlmişik. Heç bir bəhanə gətirmirəm, sadəcə məsələni müzakirə edirəm. Qapıdan başlayaraq rəqib cərimə meydançasına paslaşmalarla irəliləməkdə, cərimə meydançasına ötürmələr etməkdə dördüncüyük. Bəli, razıyam, epizodları reallaşdırmaqda zəifik. Yarımmüdafiə və hücum xəttində problemlərimiz var. Qəbul edirəm, bundan qaçmıram. Ancaq gəlin baxaq, komanda birlikdə neçə məşq edib? Dünən ildəki 68-ci məşqimizi keçirdik. Top saxlayıb, baxımlı futbol oynayıb, qollar vurmaq istəyirik ki, azarkeşlərin də xoşuna gəlsin. Amma hələ ki, belədi. Əminəm ki, futbolçuların potensialı var və daha yaxşı yerlərdə oynaya bilərlər.