Misli Premyer Liqasının III turunda "Səbail"ə qarşı oyunda heç-heçə edən "Şamaxı" cari mövsüm ilk xalını qazanıb.
Offsideplus.az xəbər verir ki, 1:1 hesabıyla başa çatan qarşılaşmada "Şamaxı"nın bərabərlik qolunu Amil Yunanov rəqib qapısından keçirib. 29 yaşlı forvard saytımıza açıqlamasında qələbəyə layiq olduqlarını bildirib:
"Çətin, maraqlı oyun keçdi. Rəqibdən üstün oynadıq, qol epizodlarımız da çox oldu. Epizodlar çox olsa da, öz səhvimizə görə rəqib qol vurdu. 0:1 hesabıyla geridə olsaq da, oyun heç-heçə ilə bitdi. Qalib gələcəyimiz oyun idi. İstərdik ki, qələbə qazanıb, azarkeşlərimizi sevindirək. Matçın heç-heçə ilə bitməsini normal sayıram, amma diqqətimizi qarşıdakı oyunlara yönəldib, qalib gəlməyə çalışmalıyıq".
Yunanov azarkeşlərə göstərdikləri dəstəyə görə minnətdarlığını dilə gətirib:
"Azarkeşlərimiz çox həvəslidirlər, bizi dəstəklədikləri üçün minnətdaram. Oyundan bir gün öncə qaldığımız hotelə gəlmişdilər. Dəstək göstərdilər, motivasiya verdilər. Biz də bunun fərqindəyik ki, azarkeşləri sevindirməliyik, yaxşı nəticələr göstərməliyik. Ən azından azarkeşlərimiz də bizi başa düşər ki, cavan heyətik, təcrübəsiz oyunçular bir az çoxdur. Oynadıqca təcrübələri daha da artacaq. Əlimizdən gələni edib, hər oyunda azarkeşlərimizi məmnun etməyə çalışacağıq".
Qeyd edək ki, Amil Yunanov bu mövsüm iki qola imza atıb. O, "Qəbələ"yə qarşı oyunda (1:3) da fərqlənib.