"Qəbələ” bu həftə 2022-2023-cü illər mövsümünə start verəcək.
Offsideplus.az xəbər verir ki, “qırmızı-qaralar” yeni mövsümə avrokubok matçı ilə başlayacaq. Komanda UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsində “Fehervar”la görüşəcək. İlk qarşılaşma Macarıstanda baş tutacaq.
Tarixində 7-ci dəfə avrokuboklarda oynayacaq “Qəbələ” UEFA Konfrans Liqasında debüt edəcək. Bunadək komanda 6 dəfə UEFA Avropa Liqasında qüvvəsini sınayıb. 2015/16 və 2016/17 mövsümlərində turnirin qrup mərhələsinədək irəliləyən “qırmızı-qaralar” iki dəfə (2017/18, 2019/20) II, iki dəfə (2014/15, 2018/19) I təsnifat mərhələsində mübarizəni dayandırıb.
Avrokuboklardakı 6 mövsümdə 38 matça çıxan “Qəbələ” 10 qələbə qazanıb. 7 heç-heçəsi olan komanda 21 dəfə uduzub. Rəqib qapılarından 36 top keçirən futbolçular 55 qol buraxıb.
Qəbələdəki cavab oyunu 40-cı avrokubok sınağı olacaqsa, Macarıstandakı matç 20-ci səfər görüşüdür. Rəqib meydanındakı 19 dueldə 3 qələbə və 4 heç-heçəsi olan “Qəbələ” 12 dəfə uduzub. 13 qol vuran komanda 30 top buraxıb.
“Qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev bu postda avrokuboklarda debüt edəcək. O, komandanı qitə səhnəsinə çıxaracaq 4-cü mütəxəssis olacaq. Roman Qriqorçuk 32, Sənan Qurbanov 4, Dorinel Muntyanu 2 belə görüşdə “sükan arxası”nda olub.
Futbolçular arasında rekordçu Dmitri Bezotosnıdır. Onun hesabında 32 oyun var. Voislav Stankoviç 29, Sergey Zenyovla Rikardinyo hərəyə 27, Vitali Vernidub 26 dəfə avrokubok görüşündə şans qazanıb.
Altı futbolçu avrokuboklarda 3 və ya daha çox qola imza atıb. Ən yaxşı bombardir Sergey Zenyovun aktivində 6 qol var. Teo Uiks 5, Dodo 4, Filip Ozobiç, Baqali Dabo və Cavid Hüseynov hərəyə 3 dəfə fərqlənib.
Qeyd edək ki, “Fehervar” – “Qəbələ” oyunu iyulun 21-də, cavab görüşü isə 1 həftə sonra baş tutacaq.