İki gün əvvəl "Neftçi" Müşahidə Şurasının iclası keçirildi.

 Toplantıda "ağ-qaralar"ın baş məşqçisi Samir Abasova göstərdiyi xidmətlərə təşəkkür edildi və 44 yaşlı mütəxəssislə yollar ayrıldı.

İclar bitər-bitməz "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev klubun televiziyasına açıqlamasında komandanın "sükanı arxası"na xarici mütəxəssisin gətiriləcəyini dedi. Bu posta əsas namizədlər isə iki əcnəbi çalışdırıcı - ukraynalı Yuri Vernidub və belaruslu Viktor Qonçarenkodur.

Fəqət hazırda müəmmalı durum yaranıb. Belə ki, Yuri Vernidub ölkəsində qalmaq niyyətindədir. Ukrayna mətbuatında yayılan xəbərlərə görə, Moldovanın "Şerif" klubundan ayrılan Yuri Vernidubun yeni iş yeri artıq məlumdur. 56 yaşlı mütəxəssis Ukrayna təmsilçisi "Krivbass"la müqavilə imzalamağa yaxındır. Digər tərəfdən  Rusiya - Ukrayna müharibəsi səbəbindən vətəninin müdafiəsinə qoşulan təcrübəli baş məşqçinin ölkəsini tərk etmək istəməməsi variantı da ağlabatandır.

Viktor Qonçarenkonun gəlməsi də sual altındadır. Dünən Rusiyanın "Matç Tv" kanalında yayımlanan verilişdə 44 yaşlı belaruslunun Asiyadan sərfəli təklif aldığı bildirildi. Maliyyə şərtlərinə qane olan Qonçarenkonun Uzaq Şərqə üz tutmaq ehtimalı var. Verilişdə o da vurğulandı ki, çalışdırıcı "Neftçi" ilə maddi məsələlərdə razılığa gələ bilmir.

***

Mövcud situasiyanı dəyərləndirsək, "Neftçi"nin baş məşqçi postuna başqa əcnəbi mütəxəssis təyin oluna bilər. Çünki klub rəsmisinin sözlərinə görə, komandaya xarici çalışdırıcı gətiriləcək.

Kim gələcək? Vernidub, Qonçarenko, ya üçüncü bir əcnəbi – bütün sualların cavabı bu ayın 14-də keçiriləcək növbəti iclasda məlum olacaq.

Daşqın Əziz