Yerli mətbuatda (futbolpress.az saytında - red.) Samir Abasovla yollarını ayıracağı barədə xəbər yayılan "Neftçi" baş məşqçi postuna əcnəbi mütəxəssis gətirməyə hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, söhbət ukraynalı çalışdırıcı Yuri Vernidubdan gedir.

Əldə etdiyimiz məlumata görə, bu keçidin baş tutması üçün "ağ-qaralar"ın idman direktoru Zaur Əzizov bilavasitə rol oynayır. Belə ki, ukraynalı futbol adamları ilə mövcud əlaqələrini işə salan Əzizov 56 yaşlı Vernidubu "Neftçi"nin "sükanı arxasına" gətirməyə çalışır. Artıq bakılıların baş məşqçilik vəzifəsi ona təklif olunub.

2020-ci ildə Moldova "Şerif"inə təyinat alan və hazırda da müqavilə ilə Tiraspol təmsilçisinə məxsus olan Vernidub Ukraynadakı müharibə səbəbindən kömək məqsədi ilə ölkəsinə gedib. Onun "Şerif"lə yola davam edib-etməyəcəyi sual altındadır.

Maraq üçün diqqətinizə çatdıraq ki, təcrübəli baş məşqçinin oğlu Vitali Vernidub 2015/2018-ci illər aralığında "Qəbələ" klubunda çıxış edib.

Onu da bildirək ki, Yuri Vernidub bundan əvvəl – 2019-cu ildə "Sabah" klubuyla da danışıqlar aparmışdı.

Daşqın Əziz