Ukrayna "Minay”ının baş məşqçisi İqor Leonov komandanın futbolçusu Rüstəm Əhmədzadənin ölkənin digər klubu “Zarya”ya keçidi ilə bağlı açıqlama verib.

Offsideplus.az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis millimizin üzvü üçün hələlik heç bir rəsmi təklif olmadığını bildirib. İqor Leonov fanday.net saytına açıqlamasında bu informasiyanın şayə olduğunu qeyd edib:

“Hələ heç kimlə danışıqlar aparmırıq. Rüstəm Əhmədzadə Azərbaycan millisinin düşərgəsindədir. Transfer təklifi barədə nə “Minay”a, nə də mənə zəng gəlib. Bu xəbərlərin hamısı şayiədir. Əgər təklif olsaydı, bunu açıqlayardım”.

Qeyd edək ki, ötən ildən “Minay”da oynayan Rüstəmin klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.