Millimiz və bu sözün dolayısıyla sinonimi olan məğlubiyyət...
Hazırkı durumda müsbət nə isə düşünmək, gözləməyə dəymir. DÇ-2022-nin seçmə mərhələsi bizim üçün ən biabırçı tsikllardan biri oldu. 7 oyun və cəmi 1 xal. Son olaraq Bakıda Lüksemburqla oynayacağıq. Ki, bu matçda qələbə qazanacağımız təqdirdə belə, 4 xalımız olacaq və yenə də son pillədən yaxa qurtara bilməyəcəyik.
Ötən gecə Serbiya ilə baş tutan oyundan da heç nə gözləmirdik. İrlandiya ilə səfərdə 1:1 edib, Bakıda 0:3 hesabıyla uduzan milli komandadan digərindən iki baş güclü olan Serbiya qarşısında heç-heçə gözləmək belə sadəlövhlük olardı.
Şablon və "çeynənmiş" mövzu olsa da, yenə də yığmamızın çıxışı və cari vəziyyətdən çıxış yolu barədə fikirlərini öyrənmək üçün futbol ictimaiyyətimizin tanınmış simalarına - mütəxəssislərə və idman jurnalistlərinə müraciət etməyi lüzum gördük.
Təcrübəli mütəxəssis, hazırda işsiz olan Yunis Hüseynov: "Oyunla bağlı nə deyim?(gülür). Deyiləsi bir şey yoxdur. Açığı, Serbiya ilə matçda yığmamızdan heç nə gözləmirdim. Nəyi dəyişməli olduğumuzu və necə inkişaf edəcəyimizi deyə bilmərəm. Guya biz nə isə desək, dəyişəcəkmi? Amma dəyişmək istəyiriksə, gərək futbolu sevən, illərini bu yolda xərcləyən insanların fikrinə önəm verilə. O qədər deyirsən, danışırsan, görürsən, laqeyd yanaşılır, sən də artıq çəkilib durursan bir qıraqda. Məsələn, dünən U-21-in Xorvatiya ilə oyununa (1:5) baxdım, xəcalət çəkdim. Futbol idimi o?! Əsas milliyə 21 yaşlılardan ibarət komandadan futbolçu yetişdirilib çağırılmalıdır da. Yaxşı, bəs dünən oynadıqları nə idi? Futbol adına nə isə var idi orda? Bundan əvvəl Finlandiya ilə 1:1 hesablı heç-heçə etdilər, oyundan sonra da dedilər ki, əla oynadıq. Nəyi əla idi?! 10 nəfərlə qalan rəqiblə güc-bəla ilə heç-heçə etdik. Yaxşı ki, Musa Qurbanlı meydana daxil edildi, oyunda bir az canlanma yaratdı. Yenə də deyirəm, inkişaf istəyiriksə, futbolu bilən, onunla yaşayan kəslərin fikrinə, məsləhətlərinə önəm verilməlidir. Çox şey deyə bilərəm, sadəcə hələ gözləyirəm. Səbr kasası da çoxdan daşıb, ancaq nə edək? Hələlik gözləmə mövqeyindəyəm...".
"Komanda.az" saytının baş redaktoru Rəşad Ergün: "Millinin Serbiya ilə görüşü haqda danışmaq istəmirəm. Çünki ortada oyun yox idi. Təsadüfən bir qol vurduq, serblər də haqlı olaraq, oynadıqları futbolun, zövqün, gözəlliyin qarşılığını qələbə ilə aldılar. Çıxış yolu nədir? Milli komandaları bürüb-büküb bir tərəfə atmaq, yəni əhəmiyyət verməmək, əvəzində klub futboluna fokuslanmaq. İlk növbədə də legioner limitini ləğv etmək. O gün U-21 millimizin Finlandiya ilə oyununa baxırdım. Top fin futbolçuda olanda 1 saniyəyə qərar qəbul edirdi, bizimkində olanda azı 5 saniyəyə. Bu futbolçu hər il 100 oyuna çıxsa nə olacaq, çıxmasa nə olacaq? Niyə ondan daha səviyyəli, güclü olan legioner futbolçunun yerini tutmalıdır? Bəli, legioner limiti ləğv edilməlidir. "Qarabağ" nümunəsi də göstərir ki, biz olsa olsa, ancaq klub futbolunda nəsə edə bilərik. Milli komandaları isə AFFA ilə birlikdə kənara tullamaq lazımdır".
Millimizin sabiq üzvü, futbol eksperti Aslan Kərimov: "Matçdan bir gün öncə Serbiya yığmasının taktiki cəhətdən nə qədər zəif olduğunu bildirmişdim. Sözsüz ki, individual olaraq, heyətində güclü futbolçulara malik bir komandadır. Ancaq komanda şəklində xeyli səhvlərə yol verirdilər. Sadəcə, biz bu səhvlərdən yararlana bilmədik. İlk hissədə yaxşı qol imkanlarımız oldu, ancaq təəssüf ki, oyunçularımız əlverişli fürsətləri boşa verdilər. Və buna görə də, individual cəhətdən yaxşı, ancaq taktiki baxımdan zəif olan bir komanda bizdən üstün oldu. Əslində, gözlənilən nəticə idi. Düşünürəm ki, müdafiədə etibarlı oynayıb, ələ düşən qol imkanlarından faydalana bilsəydik, həmin matçdan sərfəli nəticə ilə dönə bilərdik. Millimizin bu vəziyyətdən çıxış yolu dedikdə, bu, bir problemin üzərində bərqərar olan məsələ deyil. Bu, silsilə problemlər üzərində dayanan məsələdir. Birinci növbədə, daxili çempionatda komanda sayının artırılması labüddür. O cümlədən də, ölkə xaricində legioner həyatı yaşayan yerli futbolçuların sayı çox olmalıdır. Çempionatımızda 18 komanda olsa belə, yenə də yerli futbolçuların legioner həyatı yaşaması olduqca vacib amildir. Demirik ki, gedib "Mançester Siti"də və yaxud digər güclü klublarda çıxış etsinlər. Futbolçularımızın Almaniya ll Bundesliqası, İtaliya B Seriyası, Niderland çempionatı və bu səviyyədə olan digər liqalara gedib çıxa bilmələri artıq bizim üçün böyük uğur sayıla bilər. Silsilə şəklində götürəndə, gərək millimizdə 5-10 legioner həyatı yaşayan futbolçumuz olsun ki, yaxşı nəticələr də qazanaq. Bu da bir günün işi deyil. Dediyim məsələ üçün uzun illər lazımdır".
"Sport24.az" saytının baş redaktoru Ceyhun Əliyev: "Tək dünən deyil, ümumiyyətlə, milli keyfiyyət baxımından axsayır. Bu da bilavasitə ifaçılara bağlı məsələdi. Əksəriyyət günahı komanda sayının azlığında axtarır. Onda bir ritorik sual verim: məgər komanda sayı çox olanda “qaz vurub, qazan doldururduq”? Bax, Fuad Musayev erası pis idi, Ramiz Məmmədov erası pis idi, Rövnəq Abdullayev erası pisdirsə, bəs bu, yaxşı era hansıdı? Bir misal çəkim. Region Liqası yarışı keçirilir. Hansına ki, yüksək büdcə lazım deyil. Hansında ki, bölgə təmsilçiləri öz yetirmələrini sınamaq, yaxşılarını heç olmasa Diviziona “ezam” etmək imkanları olar. Nə edirlər? Hamısı çempionluqdan dəm vurur! Danışanda hər kəs inkişafdan, gənclərə şans tanımaqdan, əməli işə gəldikdə isə zamanında nisbətən futbolabənzər karyerası olan 40-45 yaşlı veteranları cəlb edirlər. Niyə gəncləri, yeniyetmələri yox? Medal qazanmaq istəyirlər. Eynilə Premyer Liqa klublarımız da. Cəmi 8 komanda var, hər biri də qitəmiqyaslı yarışlara can atır. Nə var orda? Bir mərhələlik canları var da. Ancaq iki mövsümə 1 futbolçu çıxarsalar ortaya, 6-7 ilə rəqabətədavamlı millimiz olar. İndiki halda isə çevir tatı, vur tatı - heç nə dəyişən deyil".