DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin daha bir futbolçusu sıradan çıxıb.
Offsideplus.az-ın məlumatına görə, Rüstəm Əhmədzadə sentyabrın 4-də Dublin şəhərində İrlandiya ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda zədələnib.
Ukraynanın "Minay" klubundan komandaya cəlb edilən 21 yaşlı hücumçunun sabah keçiriləcək qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.
Millinin düşərgəsini daha əvvəl Maksim Medvedev zədə, Anton Krivotsyuk isə sarı vərəqə limiti ilə əlaqədar tərk edib.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya qarşılaşması saat 20:00-da başlayacaq.