"PAOK-la finalda olmaq istəyərdim.
"Qarabağ"da bir neçə oyunum var. Onlar bitdikdən sonra ailəmlə birgə Braziliyaya tez getmək və dincəlmək istəyirəm. PAOK azarkeşlərinə demək istəyirəm ki, onları sevirəm. Geri dönsəm, tətildən sonra azarkeşlərlə görüşəcəm. Bir müqaviləm var. PAOK-da yenidən oynamaq imkanım olsa, əla olar".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın PAOK-dan icarə götürdüyü futbolçusu Pedro Enrike Yunanıstan mətbuatına müsahibəsinə deyib.
O, Ağdam klubu ilə ölkə çempionu olması ilə bağlı bunlarını bildirib: "Çox xoşbəxtəm. Bu, mənim üçün çox önəmlidir. Çempionlar Liqasında oynamaq və titullar qazanmaq üçün "Qarabağ"a gəlmişəm. "Qarabağ" növbəti mövsüm Çempionlar Liqası və ya Avroliqada yaxşı nəticə əldə etməyə çalışacaq".
P.Enrike Ağdam klubuna keçməklə düzgün seçim edib-etmədiyi ilə bağlı sualı belə cavablandırıb: "Bu, düzgün və ya yanlış seçim məsələsi deyil. PAOK-da bütün gücümlə çalışırdım. Xatırlayırsınızsa, transfer pəncərəsinin son həftəsində "Qarabağ"dan təklif aldım. PAOK-da mənim mövqeyimdə oynayan çox futbolçu var idi . Ona görə bu kluba keçməyə qərar verdim".
27 yaşlı yarımmüdafiəçi PAOK-a qayıdıb-qayıtmamağın ondan asılı olmadığını söyləyib: "Bu, mənim işim deyil. Bu, klubların arasında həll edilir. Məzuniyyətdən sonra mən Salonikiyə gedəcəm. Biz PAOK-la nə edəcəyimizə baxacağıq. "Qarabağ"a hörmət edirəm, amma PAOK-la müqaviləm var".