AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə e-Milli Liqanın ikinci mövsümü bugün start götürür.

e-Milli Liqanın ikinci mövsümü EML Pro liqasıEML Open turniri olmaqla iki layihədən ibarətdir.

AFFA bayrağı altında təşkil olunacaq EML Pro liqasında futbol üzrə Azərbaycan Premyer Liqası, Birinci Divizion, Region Liqası və digər liqalarda çıxış edən peşəkar futbol klublarının kiber komandaları, eləcə də ilk mövsümdə yüksək nəticə göstərən komandalar mübarizə aparacaq. Bundan əlavə, Peşəkar Futbol Liqası ilə əməkdaşlıq çərçivəsində Premyer Liqa klublarında çıxış edən futbolçular fərdi olaraq bir-birilərinə qarşı kiber futbolda qüvvələrini sınayacaqlar. EML Pro liqasında 15 komanda yarışacaq.

“Sport Marketing Group” şirkətinin öz qlobal kommersiya layihəsi olan EML Open turniri müstəqil olaraq təşkil olunur. 26 yanvarda start götürən turnir müəyyən olunmuş texniki şərtləri qarşılayan istənilən müraciətçi üçün açıq idi. EML Open turnirində 10 Azərbaycan komandası ilə yanaşı Yunanıstan, Bosniya və Herseqovina, İsrail, Niderland, Serbiya, Livan, Ukrayna, Avstriya və Rusiyadan olan 11 komanda da iştirak edəcək. Bu isə yerli e-sport oyunçularının beynəlxalq təcrübə qazanmasına və EML brendinin qlobal səviyyədə məşhurlaşmasına şərait yaradacaq.

EML qaliblərinə turnirin sponsoru Coca-Cola və təşkilatçılar tərəfindən hədiyyələr, kubok, eləcə də pul mükafatı təqdim ediləcək. Oyunlar layihənin sosial media hesablarında, eləcə də media tərəfdaş CBC Sport-un efirində yayımlanacaq.

22 yanvar tarixində baş tutan püşkatma mərasimindən sonra komandaların qruplar üzrə səpələnməsi, liqanın formatı, mükafat fondu və digər məlumatları eml.az saytından əldə edə bilərsiniz.