Kriştiano Ronaldonun "Yuventus"dakı işləri yağ kimi getsə də, Madriddə onun üçün darıxırlar.

Azarkeşlər əfsanəni unuda bilmir, səbəbkarın özü də sabiq komandasına isti münasibət bəsləyir. Karyerasını "Real"da başa vurmaq istədiyini isə bir neçə dəfə deyib.

Offsideplus.az "El Chiringuito" TV-yə istinadla xəbər verir ki, "Kral klubu"nun prezidenti Florentino Peres bu niyyətlə İtaliyaya səfər edib. Appenində olduğu müddətdə ilk olaraq Ronaldo ilə görüşən Peresin daha sonra "Yuventus"un bazasını ziyarət etdiyi qeyd olunub. Orda olduğu 3 saat müddətində Turin təmsilçisinin başqanı Andrea Anyelli ilə söhbət etməyə imkan tapıb. 

"Football İtalia"nın məlumatına görə, iki klubun prezidenti pandemiyanın futbola vurduğu ziyandan, qış fasiləsindəki transferlərdən, klubların hazırkı durumundan, bir sözlə, ümumi vəziyyətdən söz açıblar. Lakin "The Sun" Ronaldonun yayda "Real"a qayıdacağını iddia edir. 

Baş məşqçi Zinəddin Zidanın Kriştianonu sərəncamında görmək istəməsi, azarkeşlərin bu futbolçuya olan sevgisi, səbəbkarın "Real" məhəbbəti Ronaldonu yenidən Madriddə görə biləcəyimizdən xəbər verir. 

Qeyd edək ki, ulduz futbolçu 2009-18-ci illər aralığında "Real"ın şərəfini qoruyub ki, bu müddətdə 15 titul qazanılıb. 2018-ci ildə "Yuventus"la bağladığı 4 illik müqavilə isə gələn ilin yayında başa çatacaq.