Vaxtilə Türkiyə Super Liqasında oynayan, "Qarabağ"ın heyətində çempionluqları sıralayan İlqar Qurbanov bundan sonra millilərdə çalışacaq.

Offsideplus.az xəbər verir ki, futbolçu karyerasını başa vuran 34 yaşlı Qurbanovun ilk işi skautluq olacaq. Futbol savadı, dil biliyi, xaricdəki əlaqələri və təcrübəsi hesabına millilərə yeni futbolçular qazandırmalıdır. Lakin ortaya müxtəlif suallar çıxır. İlqar həmin futbolçuları Azərbaycanda axtaracaq, yoxsa ölkədən kənarda? Millinin skautu dedikdə təkcə yalnız əsas və hənclər millisi nəzərdə tutulur, ya U-15, U-16, U-17-yə də kömək etməlidir?

Suallara cavab tapmaq üçün səbəbkarla əlaqə saxladıq: "Burda söhbət millidən, yaxud millilərdən yox, Azərbaycan futboluna kömək etməkdən gedir. Ölkə futboluna kömək etmək üçünsə, futbolçuları yaşa bölməməliyik. Üzərimə düşən iş yaşından asılı olmayaraq, istedadlı, diqqətdən kənarda qalmış bacarıqlı futbolçuları tapıb yığma məşqçilərinə təqdim etməkdir. Bunun üçünsə həm ölkə daxilində, həm də ölkə xaricindəki oyunları izləyəcəm. Birinci divizion, "U" liqaları, xarici çempionatlar - fərq etmir. Dediyim kimi, məqsəd millilərə, Azərbaycan futboluna fayda verəcək futbolçuları tapmaqdır".