Pol Poqbanın "Mançester Yunayted"də ümidləri doğrultmaması müxtəlif vaxtlarda mütəxəssisləri dilə gətirib. Bu dəfə fransız yarımmüdafiəçini Antonio Kassano "topa tutub".
Offsideplus.az "Foot Mercado"ya istinadla xəbər verir ki, vaxtilə "Roma", "Real", "Milan" kimi ünlü komandaların şərəfini qorumuş futbolçu Poqba haqqında mənfi fikirlər səsləndirib. Kassanonun fikrincə, ucaboy fransız oyunun gedişatını dəyişəcək biri deyil: "Poqbanın real qiyməti 120 milyon avro deyildi. Bəxti onda gətirdi ki, Mino Rayola kimi agentlə əməkdaşlıq etdi. "Mançester Yunayted"də haqqı etmədiyi pulları alan futbolçuların sayı çoxdur. Klubun siyasətini başa düşmək olmur. Aleks Ferqyusonun vaxtında bunları edə bilməzdilər. Ferqyusonun vaxtında Poqba ilə "sabun opera"sını oynaya bilməzdilər. Pol yaxşı futbolçudur, amma indiyə qədər klubda çempion olmayıb. Aparıcı futbolçu sayılır, ancaq oyunun gedişatını dəyişə bilmir".
Qeyd edək ki, Fransa ilə DÇ-2018-in qalibi olmuş Poqba 2016-cı ildə 106 milyon avro qarşılığında "Yuventus"dan "Mançester Yunayted"ə transfer olunmuşdu ki, bu, həmin dövrə qədər rekord göstərici sayılırdı. O, cari Premyer Liqa mövsümündə 18 oyunda meydana çıxmaqla 1 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb