Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI turunun Lüksemburqla oyunundan (0:0) sonra Bakıya tam heyətlə qayıda bilməyəcək.
Offsideplus.az xəbər verir ki, koronavirusa yoluxmuş milli üzvləri - Təmkin Xəlilzadə və Rahil Məmmədov Xorvatiyada, kapitan Maksim Medvedev isə Lüksemburqda qalacaq. Hər 3 futbolçu test nəticələri neqativ çıxanadək sözügedən ölkədə karantində olacaqlar.
Komandanın baş məşqçisi Canni De Byazi isə ölkəsi İtaliyaya yollanıb.
Xəlilzadə ilə Məmmədovda Monteneqro ilə matçdan (0:0) öncə infeksiya aşkarlanıb. Medvedevdən götürülən test nümunəsi isə qrupun son matçından əvvəl müsbət nəticə verib. (Report)