AFFA-nın Lisenziya Komissiyası 2020-2021-ci il mövsümündə Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş I Divizon klublarına - “Kəpəz”, “Ağsu”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”“Zaqatala”ya lisenziya verməyib.

Birinci Divizion klublarının lisenziya alması üçün tələb olunan sənədlər, cərimələr və digər bir çox suallarınıza aşağıdakı araşdırmada cavab tapa bilərsiniz:

Birinci Divizion – klubların maliyyə çətinlikləri, Premyer Liqa yolunu kəsən lisenziya - Araşdırma

Premyer Liqanı son pillədə tamamlayan, çempion olduğu illərdə belə maliyyə təminatı təqdim edə bilməyən “Qaradağ Lökbatan” və mövsümün ortasında dağılan “Ağsu” klubunun lisenziya almama səbəbi bəllidir.

Offsideplus.az digər klublarla əlaqə saxlayaraq lisenziya verilməmə səbəbini öyrənməyə çalışıb.

"Zaqatala" klubunun icraçı direktoru İham Ərəbov kluba lisenziya verilməməsinə səbəb kimi maliyyə məsələsinin olmadığını bildirib: “Sənədlər tam hazır olmadığı üçün lisenziya verilmədi. Tələb olunan sənədlər AFFA-nın Lisenziya Komissiyasına təqdim olunmamışdı. Qərardan narazı deyilik və şikayət etməyəcəyik”.

“Turan Tovuz” klubunun mətbuat xidməti rəhbəri Süleyman Tağıyev lisenziya almamalarına bank təminatı məsələsinin əngəl olduğunu deyib: "Lisenziya verilməsi üçün tələb olunan 5 meyar var. İdman meyarları tam şəkildə yerinə yetirilib. Kadr-inzibati meyarlar da həmçinin. Bütün işçilər ixtisaslı, diplomlu və yaxud AFFA-nın sertifikatı ilə çalışırlar. İnfrastruktur meyarı da tam təmin olunub. Sırf maliyyə problemi ilə bağlı, yəni bank təminatı məsələsinə görə lisenziya verilməyib. 10 gün müddətimiz var. Bu daha çox rəhbərliyin səlahiyyətində olan məsələdir. Bu barədə məsləhətləşib qərar verdikdən sonra klub rəsmi açıqlama verəcək".

"Kəpəz"in mətbuat xidməti rəhbəri Azad Mustafayev də lisenziyanın maliyyə probleminə görə verilmədiyini açıqlayıb: "Lisenziya almaq üçün müvafiq tarixdə müraciət etmişdik. Lisenziyanın verilməməsi maliyyə amili ilə bağlıdır. AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verilməyəcək”.

Qeyd edək ki, Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilərlər.