Baqali Dabo üçün "Neftçi” karyerası bitib.
Offsideplus.az xəbər verir ki, ölkəmizdəki karyerasına "Qəbələ”də başlayan, son iki mövsümü paytaxtda keçirən fransız hücumçu Kipr çempionatında çıxış edəcək.
"Qəbələ”də 43 oyuna 20, "Neftçi”də 41 matça 21 qol vurmuş forvard yaxın saatlarda, ola bilsin, sabah Limassol "Apollon”u ilə rəsmi müqavilə bağlamalıdır. Son vaxtlar daha çox qalmaqalları ilə yadda qalan, kluba ziyan verən hərəkətləri ilə gündəmdə olan Dabo kiprlilərlə ikiillik anlaşmanı razılaşdırıb.
Baqalinin cari Premyer Liqanın qalan 8 turunda "Neftçi”yə kömək edib-etməyəcəyi bəlli deyil. Onun klubla müqaviləsi bitmək üzrədi, lakin məlum pandemiya problemləri üzündən dəyişən təqvimə uyğun olaraq, qalan matçlarda oynaması mümkündür.
Xəbəri, eyni zamanda Dabonun qalan oyunlarda "Neftçi”yə kömək edib-etməyəcəyini dəqiqləşdirmək üçün klubla əlaqə saxladıq. "Neftçi”nin nətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bunları dedi: "Hələlik çempionatın davam etdirilməsi ilə bağlı qərarı gözləyirik. Qarşıda 8 oyun var, ondan sonra bu məsələlərə aydınlıq gələcək. Daboyla müqavilənin müddəti bitməyib, yəqin ki, mövsümün qalan matçları ilə bağlı onunla da danışacağıq. Anlaşması bitmək üzrə olan heç bir oyunçuyla danışıq aparmamışıq, gözləmə mövqeyindəydik. Zənnimcə, Baqali növbəti matçlarda bizimlə birgə olmalıdır, sonra isə seçim etməkdə azaddır”. (Futbolinfo.az)