Azərbaycan çempionatının güclülər dəstəsində 2006-cı ildə debüt edən “Qəbələ”nin Premyer Liqadakı oyunlarında 232 futbolçu meydana çıxıb.
Offsideplus.az xəbər verir ki, 14 il ərzində “qırmızı-qaralar”ın heyətində ən çox matç keçirən futbolçu Urfan Abbasovdur.
O, ötən ay sayda dərc olunan bütün turnirlərdəki ümumi oyun sayındakı liderliyini Premyer Liqada da qoruyub. Müdafiəçi ölkə çempionatının yüksək dəstəsində 177 dəfə “Qəbələ”nin formasını geyinib.Amma sonrakı pillələrin sahibləri arasında bəzi dəyişikliklər diqqət çəkir. Belə ki, ümumi oyun sayında Dmitri Bezotosnı 2-ci, Dodo 3-cüdürsə, Premyer Liqada onlar mövqelərini dəyişib. Braziliyalı 131 oyunla 2-cidir. O, ukraynalı qolkiperi 14 matç qabaqlayır.
İlk “altılıq”da növbəti yerləri Viktor Mendi, Elvin Camalov və Asif Məmmədov tutur. Bu üç oyunçu da 100 oyun səddini arxada qoyub. Ümumiyyətlə, yalnız bu 6 futbolçu 100-dən artıq çempionat matçında “qırmızı-qara” forma ilə meydana çıxıb.
Ümumi oyun sayında “onluq”da yer alan Cavid Hüseynovla Rafael Santos Premyer Liqa ilə bağlı cədvəldə aşağı pillələrdədir. Onların mövqeyini Pavel Doroşevlə Abdulkader Kamara ələ keçirib. Buna səbəb isə Cavidlə Rafaelin avrokuboklarda daha çox qarşılaşmada iştirak etməsidir.
1. Urfan Abbasov - 177
2. Dodo - 131
3. Dmitri Bezotosnı - 117
4. Viktor Mendi - 112
5. Elvin Camalov - 111
6. Asif Məmmədov - 105
7. Samir Zərgərov - 95
8. Vojisıav Stankoviç - 92
9. Pavel Doroşev - 90
10. Abdulkader Kamara - 88