"Zirə" klubunun baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 19-cu turunda "Qəbələ"yə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis ilk olaraq oyun haqda danışıb:
- Evdə qələbə qazanıb ümumən turnir cədvəlində vəziyyətimizi düzəltmək istəyirdik. Oyun istədiyimiz kimi gedirdi, qol da vurduq. Sonradan şanslardan istifadə edə bilmədik. Daha sonra oyunun gedişatı dəyişdi. Təəsəüf ki, bu tur da istəyimizə nail ola bilmədik.
- Hər iki qolda Orxan Sadıqlının səhvi var idi. Hesab etmirsiniz ki, ən zəif bəndiniz qapıçınızdır?
- Bir neçə oyundur bu barədə danışılır. Az qala qapımıza gedən hər zərbə qolla nəticələnir. Meydanda legioner oynatmaq üçün məcburam ki, Orxanı qapıya qoyum.
- İkinci hissədə sönük olmağınız nə ilə bağlı idi?
- Əslində, bir neçə hücumumuz oldu. Hesabda öndə olanda istər-istəməz komanda geri çəkilir.
- Cavid Hüseynovun yoxluğunda top paylayan futbolçunuz olmur?
- Ümumən, komandada böyük problemlər var. Cavid cəzalı, Tellur zədəlidir. İstəsək də, əvəzetmələrdən oyunu gücləndirə bilmirik. Ortadakı futbolçularımız müdafiəyəmeyllilər idi. Buna görə də orada topu saxlamaqda çətinlik çəkirdik.