"İlk oyun üçün istəyimiz fiziki yüklənməni meydanda tətbiq etmək idi. Ümumən götürsək, buna nail ola bildik. Sadəcə, adi epizodlarda top itkilərinə yol verdiyimizə və müdafiədə həddən artıq lazımsız səhvə yol verdiyimzə görə məyus olduq. Bunlar taktiki deyil, fərdi-texniki səhvlər idi. Belə çatışmazlıqlara görə hesab 0:3 oldu".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə" klubunun baş məşqçisi Zaur Həşimov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində "Ümraniyespor"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O bildirib ki, hesaba baxmayaraq, bu oyun üçün qarşıya qoyduqları planı yerinə yetiriblər: "Nəzərə alaq ki, ağır fiziki yüklənmələrlə məşq edirik. Futbolçuların bir qədər yorğun görünməsi normaldır. Rəqib komandada isə fərqli idi, “Ümraniyespor” tam hazır, formasının pikindədir, bir neçə gün sonra onların liqası başlayacaq. Biz isə hələ yüklənmələrin əvvəlindəyik".