"Hazırlıq üçün vaxtımız qısa oldu. Ancaq bu müddətdə məşqlərimiz, analizlərimiz reallaşdı. Uelsin necə güclü komanda olduğunu bilirik".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç səfərdə Uels yığmasına qarşı keçirəcəkləri Avro-2020-nin seçmə oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, rəqibin heyətində İngiltərə Premyer Liqası və Çempionşipsdə çıxış edən səviyyəli futbolçular var: "Öz şansımızın olacağına ümidliyik. Əlbəttə, rəqib favoritdir. Lakin biz də Xorvatiya ilə qarşılaşmada göstərdik ki, böyük komandalara qarşı oynaya bilərik. Heyətlə bağlı da problemlərimiz var. Bədavi Hüseynov, Eddi İsrafilov və Rahil Məmmədov zədəlidir. Bütün bunlara baxmayaraq, öz oyunumuzu sərgiləməyə çalışacağıq. Qaret Beyl xüsusi statusa malik oyunçudur. Onun qarşısını almaq üçün bir nəfər kifayət edərmi? Düşünmürəm. Onu zərərsizləşdirməyə çalışacağıq. Son dönəmlərdə Beylin ətrafında baş verənlərdən xəbərdaram. Amma cari mövsümə yaxşı başlayıb".
Yurçeviçin sözlərinə görə, komandası Xorvatiya ilə matçdakı kimi çıxış etməlidir: "Rəqibləri saxlamağın müxtəlif yolları var. Düşünürəm ki, Xorvatiyaya qarşı oyundakı kimi çıxış etməyimiz düzgün olardı. Kompakt oynamalıyıq, əks-hücumlardan yararlanmalıyıq. Müdafiənin mərkəzində Maksim Medvedevlə Bəhlul Mustafazadə və ya Anton Krivotsyuk çıxış edəcək".
Baş məşqçi Uels yığmasının seçmə mərhələdəki çıxışına da toxunub: "Heyətə baxanda, Uelsin qərarlaşdığı mövqe mənim üçün sürprizdir. Hesab edirəm ki, heyət baxımından Macarıstandan güclüdür. Xal qazanmalı olduqları oyunlarda uduzdular. Burada bəxt amili rol oynayır. Bura gəlməklə, Slaven Biliçlə "Vest Hem"də işləyən vaxtları xatırladım. Həmin vaxt Rayan Giqqz "Mançester Yunayted"də çalışırdı. Uelsin seçmə mərhələdə cəmi 2 qol vurmasına gəlincə, ümid edirəm ki, həmin say sabahkı görüşdə artmaz".
Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında sentyabrın 6-da Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq (Report).