Futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv səhhətindəki problemlərlə əlaqədar xəstəxanaya düşüb.

Offsideplus.az-ın "Bild"ə istinadən verdiyi məlumata görə, 59 yaşlı mütəxəssisə məşqlərdə aldığı zədə üzündən qan dövranının pozulması diaqnozu qoyulub. O, Frayburqdakı universitet xəstəxanasının stasionar hissəsinə yerləşdirilib.   

Baş məşqçinin iyunun 8-də səfərdə Belarus, iyunun 11-də isə evdə Estoniya ilə AVRO-2020-nin seçmə qrup oyunlarını buraxacağı bildirilir. 

Qeyd edək ki, Yoahim Löv Almaniya millisinə 2006-cı ildən rəhbərlik edir. Onun rəhbərliyi altında Bundestim dünya çempionatlarında qızıl və bürünc, Avropa çempionatlarında isə gümüş və iki dəfə bürünc medal qazanıb.