Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Xorvatiya yığmasının qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin xorvat baş məşqçisi Nikola Yurçeviç Zaqrebdə keçiriləcək oyundan əvvəl ölkəsinin mətbuatına açıqlama verib. Yurçeviç Azərbaycan yığmasının xorvatlarla qarşılaşmada sürpriz edə biləcəyinə inandığını ifadə edib:

“Bizim çox yaxşı futbolçularımız var. Futbol bəzi şeylərin əvvəlcədən təxmin edilə bilməyəcəyi idman növüdür. Bəzən kağız üzərində zəif olan komanda da rəqibinə sürpriz edə, ciddi müqavimət göstərə bilir. Biz də “Maksimir” stadionunda bunu etməyə çalışacağıq. Düzdür, Xorvatiya millisi başqa səviyyədir, ancaq biz də nəyəsə ümid edə bilərik.

Xorvatiyaya qələbə üçün gəldiyimizi deməzdim. Lakin asanlıqla təslim olmaq fikrində deyilik. Xorvatiya və Azərbaycan millilərinin hansı mövqelərdə qərarlaşdığını yaxşı bilirik. Robert Prosineçki bu komanda ilə Bakıda heç-heçə edə bilibsə, biz də nəyəsə ümid edə bilərik. Azərbaycanda heç kim möcüzəyə ümid etmir. Hamı Xorvatiyanın gücünü bilir və rəğbət bəsləyir. 

Bizdə Rusiya Premyer Liqasında çıxış edən Ramil Şeydayev var, ondan çox şey gözləyirəm. Ramil bizim əsas ümidlərimizdən biri olacaq”.

Xorvatiya – Azərbaycan matçı martın 21-də, Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək və saat 23:45-də başlayacaq.