“Həftənin oyunçusu seçilmək mənim üçün sevindirici haldır. Fərdi yox, kollektiv yanaşmanın tərəfdarı olsam da, bu cür hallar istənilən futbolçu üçün əlavə motivasiyadır”.
Bunu “Report”a “InStat” şirkətinin təhlilinə əsasən, Azərbaycan Premyer Liqasında XVII turun ən yaxşı futbolçusu seçilən“Keşlə”nin hücumçusu Amil Yunanov deyib.
26 yaşlı forvard növbəti dəfə də bu adı qazanmağa çalışacağını bildirib: “Bu daha əzmlə çalışmağıma təkan verəcək. Adımı həftənin oyunçusu kimi görəndə şad oldum. Bundan sonra komandama fayda verməyə və ən yaxşı seçilməyə çalışacağam”.
A.Yunanovun sözlərinə görə, “Keşlə” qış fasiləsindən sonra ardıcıl 2 məğlubiyyətin ardından son turda “Sumqayıt”la görüşdə 2:1 hesabı ilə qələbə qazanmaqla tilsimi qırsa da, əsas iş qabaqdadır: “Qış fasiləsindən sonra ilk qələbəmizi qazandıq. Həqiqətən də, uğursuzluq zolağında olmaq bizə çox çətin idi. Əvvələcə “Səbail”ə evdə 3, ardınca “Neftçi”yə səfərdə 2 cavabsız qolla yenildik. Uduzmaqla bərabər, qol da vura bilmirdik. Yaxşı ki, hər iki tilsimi qırdıq və son pillədə qurtulduq. Lakin əsas iş hələ qabaqdadır. Komandanın potensialı daha yaxşı nəticələr qazanmağa imkan verir. Bundan sonra ancaq mövqeyimizi yaxşılaşdırmaq barədə düşünməliyik”.
Oyunun 28-ci dəqiqəsində hesabı açan forvard 90-cı dəqiqədə “Sumqayıt”ın futbolçusunun ona qarşı qayda pozuntusundan sonra təyin edilən penaltini də şərh edib: “Hakimin penalti qərarının doğru olduğunu düşünürəm. Matçdan sonra epizodun görüntülərini də izlədim. Heç vaxt simulyasiya etməmişəm, bunu xoşlamıram da. Rəqib qaydanı pozmasa, heç vaxt bilərəkdən yıxılmaram. Həmin məqamda sürətlə qaçdığım vaxt dirsəklə müdaxilə olundu və müavizinətimi itirib yerə düşdüm. Penaltini özüm vurmaq istəyirdim. Açığı, matçdan qabaq penaltini vuracaq futbolçu kimi məni qeyd etməmişdilər. Sadəcə, həmin məqamda özümdə inam vardı deyə, topu götürdüm. Çünki matçda hesabı açmağım və penalti qazanmağım mənə ruh yüksəkliyi vermişdi. Sonra Nikola Mitroviç topu istədi, ona verdim. Belə durumda qolu mənim, yaxud onun vurmasının qətiyyən önəmi yoxdur. Əsas odur ki, həmin top bizə qələbə qazandırdı”.
Sabiq klubu “Sumqayıt”la qarşılaşmada ön plana çıxan Yunanovun komandası fevralın 23-də XVIII tur çərçivəsində yetirməsi olduğu “Qəbələ” ilə qarşılaşacaq. Hücumçu matçın onun üçün prinsipal xarakter daşımadığını deyib: “Bu mövsüm XI turda da “Sumqayıt”ın qapısından 2 top keçirmişdim. “Keşlə”də ilk qolumu isə məhz VI turda səfərdə “Qəbələ”yə vurmuşam. Bu dəfə də bizi çox çətin səfər oyunu gözləyir. Rəqib xüsusən də qış fasiləsindən sonra inamlı təsir bağışlayır. Orada yaxşı nəticə üçün çalışacağıq”.
Qeyd edək ki, “Qəbələ” – “Keşlə” oyunu saat 14:00-da başlayacaq.