Dodonun “Qəbələ”yə keçidi alınmaya bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə açıqlamasında braziliyalı futbolçu özü məlumat verib. O bildirib ki, klubdan ona müqavilə təklif olunmadığı üçün hələ də komandanın düşərgəsinə qoşulmayıb:
“Yenidən “Qəbələ”də oynamaq istəyirəm. Amma bunun üçün onlar mənə müqavilə təklif etməli, eyni zamanda komandanın Antalya hazırlığına qoşulmağam təyyarə bileti göndərməlidirlər. Bunların isə heç biri olmadığından komandanın düşərgəsinə qoşula bilmədim”.
“Qəbələ”nin baş meneceri Zaur Əzizov isə Qol.az-a deyib ki, Dodonun transfer məsələsi hələ açıq qalır: “Biz Dodoya öz sözümüzü demişik. Onun baxışa dəvət etmişik. Futbolçu isə bizdən müqavilə tələb edir. Ancaq onun hazırkı fiziki durumundan xəbərsiz olduğumuz üçün belə bir şey mümkünsüzdür. Digər tərəfdən, Dodonun Latviya klubundan da təklifi olduğu üçün qərar verməkdə tələsmir”.
Qeyd edək ki, Dodo 2011/2016-cı illərdə "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"dan ayrılandan sonra Braziliyanın "Joinvil" və Yunanıstanın AEL klublarında oynayıb.(qol.az)