"Çelsi" klubu "Bornmut"un yarımmüdafiəçisi Aleks Skottun transferi üçün əsas namizəd hesab olunur.

Offsideplus.az xəbər verir ki, ingilis futbolçuya "Liverpul" və "Arsenal" da ciddi maraq göstərir. Yay transfer pəncərəsində "Çelsi" Aleks Skott üçün 60 milyon funt sterlinqdən çox təklif etsə də, "Bornmut" bu təklifləri rədd edib.

Buna baxmayaraq, London təmsilçisi oyunçunu heyətinə qatmaqda israrlıdır.

Enso Fernandesin "Mançester Siti"yə satılmasından sonra "Çelsi" yarımmüdafiəni gücləndirmək niyyətindədir və bu məqsədlə həm qış, həm də yay transfer dövründə Skottun keçidini reallaşdırmağa çalışacaq. "Bornmut" yanvarda futbolçunu satmaq istəmir, lakin "Çelsi" yayadək gözləməyə hazırdır. Mövsümün sonunda Aleks Skottun klubla müqaviləsinin bitməsinə bir il qalacaq.

"Bornmut" 23 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə bağlamağa çalışsa da, tərəflər arasında razılıq əldə olunmayıb və hazırda həm klub, həm də oyunçu mövsümə fokuslanıb.

Cari mövsümdə A. Skott Premyer Liqada 5 oyunda iştirak edib və bir qol vurub.