"Sabah" futbol klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov komandanın UEFA Çempionlar Liqasının ev oyunları üçün bilet satışı ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, klub rəsmisi paket biletlərin azarkeşlər üçün daha sərfəli olduğunu vurğulayıb:

"Paket biletlərin əsas üstünlüklərindən biri qiymət fərqidir. Dörd ev oyununun biletlərini ayrı-ayrılıqda almaqla müqayisədə paket satışında daha sərfəli qiymətlər təklif olunub. Buna görə də təkli biletlərin satışa çıxarılması paket alan azarkeşlərimizin daha çox xərcə düşdüyü anlamına gəlmir. Əksinə, onlar paket satışının qiymət üstünlüyündən yararlanaraq bütün oyunlar üçün yerlərini əvvəlcədən təmin ediblər. Tezliklə təkli biletlərin satışa çıxarılması nəzərdə tutulur. İlkin olaraq "Slaviya" ilə matçın biletləri satışa təqdim olunacaq. İndiyədək 35 mindən çox paket bilet satılıb. Göstərdikləri marağa və dəstəyə görə azarkeşlərimizə təşəkkür edirik".

Qeyd edək ki, paket bilet satışı oktyabrın 1-i, saat 12:00-da başa çatacaq.