Məşhur futbol statistikası saytı "SofaScore", portuqaliyalı ulduz Kriştiano Ronaldonun karyerasındakı 967 qoldan 6-sını silib.
Offsideplus.az xəbər verir ki, sözügedən düzəliş, futbolçunun 2023-cü ildə Ərəb Klubları Çempionlar Kubokunda qazandığı çempionluq yolunda vurduğu qolların sayılmaması nəticəsində baş verib.
Buna səbəb FİFA-nın sözügedən turniri rəsmi olaraq tanımamasından sonra baş verib. "SofaScore" portalına görə, bu qərar Avropa çempionunun 1000 qol hədəfinə gedən yolunu bir qədər də uzadacaq.
Həmin turnir portuqaliyalı ulduzun kluba qoşulduqdan sonra qazandığı ilk titul idi. Ronaldo həmin turnirdə möhtəşəm çıxış edərək, finalda "Əl-Hilal" üzərində qazanılan 2:1 hesablı qələbə də daxil olmaqla, ümumilikdə 6 qol vurmuşdu.
Səudiyyə Pro Liqasının (SPL) son turları ərəfəsində "Qızıl top"un sabiq sahibi diqqətini qollarının sayını artırmağa yönəldib. O, həmçinin ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi DÇ-2026-da Portuqaliya millisinin heyətində mübarizə aparacaq.


