Bu gün AFFA və "Eyeball" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Offsideplus.az xəbər verir ki, imzalanma mərasimi “Wyndham Garden” hotelində baş tutub. Müqaviləyə əsasən, “Eyeball” şirkətinin kamera və analiz platforması Azərbaycan futbolunda tətbiq olunacaq.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev: "Bizim üçün əlamətdar gündür. Çexiyanın "Eyeball" şirkəti ilə saziş imzalayırıq. Bu gün ən böyük problemimiz uşaq və gənclər futbolu ilə bağlıdır. XXI əsrdə biz rəqəmsal dövrün inkişafını yaşayırıq. Bu, futbola da şamil edilir. Futbol çoxdan data, data-analiz üzərindən işləyir. Biz bu mənada geridə qalırıq. Bu tərəfdaşlıq bizə bu cəhətdən kömək edəcək və bizi başqa yerlərə aparacaq. Bundan sonra uşaq və gənclər liqalarında mübarizə aparan klublar, eyni zamanda Azərbayan milli komandalarına gələcəkdə dəvət alacaq futbolçuların seçimi üçün kameralı analizdən istifadə imkanı yaranacaq".
"Eyeball" şirkətinin CEO-su Manfred Lerley: "Eyeball" şirkətinin məqsədi Azərbaycanda gənclərin futbolda inkişafına dəstək verməkdir. Şirkətimiz 150-dən çox Avropanın top klubu, eyni zamanda Çempionlar Liqası qalibləri tərəfindən seçilmiş bir gənclik platformasıdır. 43-dən çox ölkədə fəalliyyət göstərən şirkətimizdən 8 000-dən çox klub yararlanıb. Dünya klub futbolunda futbolçu mübadiləsi böyük gəlir mənbəyinə çevrilib. Debütlər, komandaların yaş tərkibi gəncləşir. Video və data skautinq vasitəsilə futbolçunun profili, video görüntülü tarixi, performans datası müəyyənləşdiririk".
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov: "Bizim klublar AFFA tərəfindən keçirilən aşağı yaş liqalarında çıxış edir, şirkətin xidmətləri bu yöndə istifadə olunacaq. Qızlar Liqasında U-16 və Yüksək Qızlar Liqasında, oğlanlar üzrə U-15 və daha yuxarı liqaların bütün matçları üçün kameralar alınıb. Bu mövsüm test şəklində, növbəti sezondan etibarən tam tətbiq ediləcək. Müqavilənin müddəti 2 illik nəzərdə tutulub, lakin layihə uzunmüddətlidir. Klublar üçün tamamilə pulsuz olacaq ki, futbolçuları barədə analitika data əldə edə bilsinlər. Bu gün klubların məşqçiləri ilə də görüş keçirəcəyik, izah olunacaq. Milli komandalara ən yaxşı performans göstərən futbolçular çağrılmalıdır. Bu data AFFA-ya çatanda oyunçuların yığmaya çağrılması şəffaflaşacaq. Avropada kifayət qədər klub bu platformadan istifadə edir. Biri var ki, sən öz oyunçularına baxasan, biri də var xaricdən oyunçularına baxsınlar. Məsələn, potensial U-16 Liqasında "Sabah" - "Neftçi" oyununda bir futbolçu top performans göstərsə, data Avropa klublarına çatacaq.


