AFFA-nın prezidenti Rövşən Nəcəf UEFA Çempionlar Liqasında “Qarabağ”ın bu mövsüm qazandığı uğurlar münasibətilə komandanın baş məşqçisi Qurban Qurbanovu təbrik edib və bu nəticələrin Azərbaycan futbolunun beynəlxalq nüfuzunun artmasına töhfə verdiyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, daha sonra iclasın gündəliyi təqdim olunub. İlk olaraq AFFA-nın 2026-cı il üçün büdcəsi müzakirə edilərək təsdiqlənib.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Əvəzedicilər Liqasının 2026/2027-ci illər mövsümü üçün statusu barədə geniş məlumat verib. Məsələ ətrafında İcraiyyə Komitəsi üzvləri tərəfindən təkliflər səsləndirilib və yekun qərar üçün Klublar Komitəsinin rəyinin alınmasının məqsədəuyğun olduğu bildirilib.

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov Misli Premyer Liqası klublarının akademiyalarında aparılan yerində təhlillərlə bağlı hesabat təqdim edib.

İclasda Hakimlər Komitəsinin yeni tərkibi də təsdiqlənib. Qərara əsasən, Asim Xudiyev, Şahin Cəfərov və Elçin Səmədli komitənin yeni üzvləri təyin olunublar.

Eyni zamanda Misli Premyer Liqası hakimləri üçün nəzərdə tutulan yeni bonus sistemi təqdim edilib. Bu sistemin hakimlərin fəaliyyətinin stimullaşdırılması və oyunların idarəçiliyinin keyfiyyətinin artırılması məqsədi daşıdığı bildirilib və səsvermə yolu ilə təsdiqlənib.

AFFA-nın növbəti Hesabat Konfransının 2026-cı il aprelin 3-də keçirilməsi qərara alınıb.

Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Tural Eyvazovun öz xahişi ilə vəzifəsindən ayrılması ilə bağlı ərizə qəbul edilib və komitənin yeni sədri Sərxan İbadov seçilib.

Sonda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya çempionatı ilə bağlı ev sahibliyi müqaviləsi təsdiqlənib.