Fransanın "Lill" klubu Avropa nəhənglərinin hədəfində olan 18 yaşlı yarımmüdafiəçisi Ayyoub Buaddi üçün ağlasığmaz məbləğ tələb edir.
Offsideplus.az xəbər verir ki, Fransa mətbuatının son məlumatlarına görə, klub rəhbərliyi gənc istedadı 80-100 milyon avro arası bir qiymətdən aşağı satmaq niyyətində deyil.
"Lill" prezidenti Olivye Letanqın bu transfer üçün xüsusi bir planı var. Klub oyunçunun hüquqlarını bu yay satmağa hazır olsa da, əsas şərtlərdən biri Buaddinin önümüzdəki mövsümü icarə əsasında yenidən "Lill"də keçirməsidir. Bu strategiya həm klubun mövsüm hədəflərini qorumağa, həm də oyunçunun sabit inkişafına şərait yaradır.
Buaddinin qiymətinin bu qədər yüksəlməsinə səbəb Mərakeş millisi ilə son turnirdə göstərdiyi möhtəşəm performans olub. O, artıq Fransa liqasında gənc yaşda böyük təcrübə qazanaraq diqqətləri üzərinə çəkməyi bacarıb.
Gənc ulduz üçün Avropanın bir çox nəhəngi rəqabət aparır:
- "Mançester Siti": Transfer yarışında ən aktiv və öndə olan klubdur. İngiltərə təmsilçisinin planı Buaddini indi alıb, gələn mövsüm üçün "Lill"ə icarəyə vermək şərtinə tam uyğun gəlir.
- "Arsenal" və "Liverpul": Futbolçu ilə yaxından maraqlansalar da, 1 illik geri icarə şərtinə görə hələlik tərəddüd edirlər.
- "Mançester Yunayted" və "Real Madrid": Mərakeşli oyunçunun vəziyyətini yaxından izləyirlər, lakin 18 yaşlı futbolçu üçün tələb olunan nəhəng məbləğ bu klubları daha təmkinli davranmağa məcbur edir.


