Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan məlumatlara görə, yeniyetmələr arasında keçirilən Boks üzrə Azərbaycan Çempionatında bəzi problemlər yaşanıb.

Offsideplus.az xəbər verir ki, "Feysbuk" istifadəçilərindən biri görüşlərdə hakim haqsızlıqlarının olduğunu və bu kimi hallara etiraz etmək üçün komissiyanın mövcud olmadığını qeyd edib.

Bundan əlavə, döyüşlərin birində bir idmançıya qarşı rəqibin baş məşqçisinin təhqiramiz ifadələr işlətməsi ilə bağlı iddialar da səsləndirilib.

Məsələ ilə əlaqədar Azərbaycan Boks Federasiyasının mətbuat katibi Tahir Hümmətovla əlaqə saxladıq. Qurum rəsmisi iddialarla bağlı bunları söylədi: 

“Görüşlərdə etiraz komissiyasının olmaması Beynəlxalq Boks Federasiyasının qərarına əsasən tətbiq edilir. Bu qərar uzun müddətdir qüvvədədir. Baş məşqçinin ifadələrinə gəldikdə isə, videoya diqqətlə baxsaq, nəyinsə eşidildiyini və ya görüldüyünü dəqiq söyləmək mümkün deyil”.