Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında Yunan-Roma güləşi üzrə yarışlar davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün 6 idmançımız mübarizə aparıb. 83 kq çəki dərəcəsində mübarizə aparan Elmin Əliyev ilk öncə macar rəqibinə, daha sonra isə isveçli rəqibinə qalib gələrək yarımfinala yüksəlib. Həmçinin 72 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Nurullayevdə ardıcıl olaraq bolqar və litvalı rəqiblərinə qalib gələrək yarımfinala adlayıb.
Güləşçilərimizin baş tutan çıxışları ilə bağlı məlumatı təqdim edirik:
60 kq: Hüseyn Qəribov 1/8 finalda Mert İlbarsa (Türkiyə) ilə qarşılaşdı və 4:6 hesabı ilə məğlub oldu.
67 kq: Fərid Xəlilov almaniyalı Yanis Hainzelbekkeri 6:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəldi, lakin həmin mərhələdə rusiyalı Daniyal Ağayevə 1:5 hesabı ilə uduzdu.
72 kq: Ruslan Nurullayev bolqarıstanlı Dimitar Georgiyevi 10:1, litvalı Rokas Çepauskası isə 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəldi. Ruslan yarımfinalda ukraynalı Oleq Xəlilovla qarşılaşacaq.
77 kq: Xasay Həsənli təsəlliverici görüşdə bolqarıstanlı Albert Doyevə 7:3 hesabı ilə qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazandı. Xasay üçüncü yer uğrunda çexiyalı Mixal Zelenkayla qarşılaşacaq.
82 kq: Elmin Əliyev macarıstanlı Dominik Botosa 5:2, isveçli Aleksander Yohanssona isə 6:5 hesabı ilə qalib gələrək yarımfinala yüksəldi. Elmin yarımfinalda moldovalı Aleksandru Soloveylə qarşılaşacaq.
97 kq: Aqil Musayev 1/8 finalda ermənistanlı Harutyun Kirakosyana "tuş"la məğlub oldu.
55 kq – Elmir Əliyev çex Bartoşik və yunan Papageorgiu ilə bürünc medal uğrunda mübarizə aparacaq.
63 kq – Ziya Babaşov moldovalı Yeriomenko ilə final görüşünə çıxacaq.
Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə 19:45-də, medal görüşləri isə 21:00-da başlayacaq.