Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş ənənəvi intellektual yarış baş tutub.
Offsideplus.az xəbər verir ki, artıq 5-ci dəfə keçirilən turnirdə qüvvələr balansını qorumaq üçün əvvəlki yarışların qalibləri fərqli komandalara paylanılıb.
80-ə yaxın media nümayəndəsinin qatıldığı gərgin mübarizədə komandalar Misli Premyer Liqasının 12 klubunun adı altında yarışıblar. Son tura qədər davam edən rəqabətin yekununda "Şamaxı" çempion olub, "Sabah" ikinci, "Kəpəz" isə üçüncü yeri tutub.
Sonda "Şamaxı"ya kubok və medallar təqdim olunub, ilk üç pillənin sahibləri isə pul mükafatı qazanıblar. Həmçinin yarışın xanım iştirakçılarına və xüsusi suallara ən yaxşı cavab verən komandalara hədiyyələr paylanılıb.


