"Real Madrid" klubunun keçmiş yarımmüdafiəçisi Uesli Sneyder, Vinisius Junior və Canluka Prestianni arasındakı münaqişə ilə bağlı fikirlərinə görə ölümlə hədələndiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, ötən həftə İspaniya təmsilçisi Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda keçirilən ilk pley-off matçında Portuqaliya klubuna 1:0 hesabı ilə qalib gəlib. Oyunun ikinci hissəsində Madrid klubunun vingeri Vinisius Junior ağzını forması ilə örtərək hakim Fransua Leteksieyə Prestianninin onu "meymun" adlandırdığını bildirib. "Benfika"nın futbolçusu isə sonradan braziliyalını irqi zəmində təhqir etmədiyini iddia edib. UEFA hələlik argentinalı futbolçunu müvəqqəti olaraq oyunlardan kənarlaşdırıb.

Hadisəni şərh edən Sneyder belə deyib: "Canlukanın komandadakı qaradərili yoldaşları buna necə reaksiya verəcəklər? Əgər günahını etiraf edərsə, ondan qurtulmaq lazımdır. Vinisinin reaksiyasına baxsaq, o, heç nə uydurmayıb".

Sneyder hədələr barədə bunları əlavə edib:

"Prestianni belə bir söz desəydi belə, bunu heç vaxt etiraf etməzdi. Amma bu dəhşətlidir. Ötən həftə bu barədə danışdığım üçün Argentinadan 4000-ə yaxın ölüm hədəsi almışam. Hər kəsin öz fikri olmaq hüququ var. Məni hədələyənlərin də öz fikri var. Mənim də gördüklərimə əsaslanan öz fikrim var. Düşünürəm ki, "Benfika" onsuz da bu uşağı cavab oyununa aparmamağı planlaşdırırdı. UEFA da eyni şeyi düşünürdü – onu qorumaq, sonra isə araşdırmanı davam etdirmək istəyirdilər. Lakin çox irəli gedə bilməyəcəklər. Hər şey onun əleyhinə olsa da, inandırıcı sübutlar təqdim etmək mümkün olmayacaq".