“Oyun bizim üçün bir qədər gözlənilməz başladı”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında qadınlardan ibarət Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadə deyib.
O, yığmamızın dünya çempionatının seçmə mərhələsində səfərdə Andorra yığması (3:1) üzərində qazanılan qələbəsini şərh edib: "Erkən qol buraxsaq da, cəmi 2 dəqiqə sonra hesabı bərabərləşdirməyi bacardıq. Bu isə psixoloji durumumuzun stabil qalmasında böyük rol oynadı. Daha sonra geri dönüş edərək hesabı 1:3 xeyrimizə dəyişə bildik.
Rəqiblə əvvəllər heç qarşılaşmamışdıq, buna görə də onları yaxından tanımırdıq. Lakin məşqçilərimiz tərəfindən bizə lazımi məlumatlar verilmiş, rəqib ətraflı analiz olunmuşdu. Oyuna 3 xal qazanmaq məqsədilə çıxmışdıq və müəyyən qədər həyəcan hiss olunurdu.
Əsas odur ki, səfərdə Andorra üzərində mühüm qələbə qazana bildik. Qarşıda isə qrup mərhələsində daha 3 oyunumuz var və maksimum xal toplamağa çalışacağıq".
Cəfərzadə cavab qarşılaşmasında da komandasının qələbəsinə inanır: Üç gün sonra Bakıda, doğma azarkeşlər önündə Andorra millisinə qarşı cavab oyununa çıxacağıq. Hədəfimiz yenə 3 xaldır. Növbəti qələbə qrupdakı mövqeyimizi daha da yaxşılaşdıracaq. Ümid edirəm və inanıram ki, bunu bacaracaq gücdəyik.
Hamımız bu oyunların nə qədər önəmli olduğunu dərk edirik. Məqsədimiz ölkəmizi ən yaxşı şəkildə təmsil etmək və bizi sevən insanları sevindirməkdir”.
Qeyd edək ki, Azərbaycan millisi Andorra yığması ilə aprelin 18-də “Bank Respublika Arena”da qarşılaşacaq.


