Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının G qrupunda son oyununu keçirib.
Elşad Quliyevin çalışdırdığı komandanın rəqibi Küveyt yığması olub. Azərbaycan millisi bu görüşdə 3:1 hesablı qələbəyə sevinib.
Yığmamız əvvəl keçirdiyi hər iki matçda qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirmiş və qrup birinciliyini də təmin etmişdi. Bugünkü qələbə sayəsində isə milli maksimum nəticəyə imza atıb - 3 oyun, 9 xal.
Qarşılaşmadan sonra Azərbaycan millisinin qapıçısı Davud Kərimi Offsideplus.az-a danışıb. Təcrübəli qolkiper DÇ-də ən azı mükafatçılar sırasına düşmək istədiklərini bildirib:
"Çox yaxşı mübarizə apararaq qalib gəldik. Artıq bunadək pley-off mərhələsinə vəsiqəni təmin etmişdik. Lakin bugünkü matçda da əzmkar oyun göstərərək qələbə qazandıq ki, 3/3 edib, reytinqdəki mövqeyimizi daha da yaxşılaşdıraq. Pley-offdakı rəqibimiz isə güclü Portuqaliya yığmasıdır. Bu oyuna da ancaq qələbə qazanmaq üçün çıxacağıq. Komandada əhval-ruhiyyə çox yüksəkdir. Hamılıqla bu qarşılaşmaya köklənmişik. Allah bizə Avropa çempionluğunu bəxş etdi. Bu gün isə vətənə dünya çempionu kimi qayıtmaq arzusundayıq. Ən azı DÇ-də mükafatçılar sırasına düşmək niyyətindəyik. Turnirdən gözəl nəticə ilə qayıdıb, xalqımızı sevindirmək istəyirik".
Qeyd edək ki, sabah baş tutacaq Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Daşqın Əziz