2023-cü ildə atıcılıq üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.
Offsideplus.az xəbər verir ki, Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) İcraiyyə Komitəsi bu barədə qərar verib.
Rusiyada keçirilməsi nəzərdə tutulan turnir 14-31 avqust 2023-cü il tarixlərində ölkəmizdə baş tutacaq.
ISSF 30 iyun 2021-ci ildə verdiyi qərar ilə Rusiyada keçirilməsi nəzərdə tutulan bütün turnirləri bir illiyinə təxirə salınıb. Bu qərar İdman Arbitraj Məhkəməsinin (CAS) 2020-ci ilin dekabrında çıxardığı qərar fonunda qəbul edilib.
Məhkəmə Rusiya idmançılarının dünya çempionatlarında və Olimpiya oyunlarında öz ölkələrinin bayrağı altında çıxış etməsinə iki il müddətinə qadağa qoyub. Bununla da Rusiya ən böyük idman yarışlarına ev sahibliyi etmək iddiasından məhrum edilib.
Qeyd edək ki, 2022-ci il martın 7-də ISSF İcraiyyə Komitəsi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirakını növbəti xəbərdarlıq edilənədək dayandırıb.