Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Konya 2021 V İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş kamandan oxatma idman növü üzrə milli komanda üzvlərini qəbul edib.
Offsideplus.az xəbər verir ki, görüşdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva, milli komandanın baş məşqçisi İlqar Abbasov və komandanın üzvləri iştirak ediblər.
Komitə prezidenti İlqar Rəhimov Oyunların komanda üçün uğurlu olduğunu bildirib və bu yarışda yüksək nailiyyətlər qazanmış idmançıları təbrik edib. Növbəti Paralimpiya Oyunlarına cəmi 2 il vaxt qaldığını vurğulayan Komitə prezidenti bildirdi ki, məqsəd qarşıdan gələn yarışlara səmərəli hazırlaşaraq orada da parlaq qələbələr əldə edib kamandan oxatma komandasının Yay Paralimpiya Oyunlarında iştirakını təmin etməkdir.
Komandanın baş məşqçisi İlqar Abbasov Oyunların gərgin mübarizə şəraitində keçdiyini, buna baxmayaraq idmançıların əzmkar mübarizə göstərdiyini qeyd etdi. Abbasov idmançıların qarşıdan gələn yarışlarda da yüksək nəticələr əldə edəcəyindən əmin olduğunu bildirib.
Qeyd edək ki, kamandan oxatma idman növü üzrə milli komandanın üzvləri Konya 2021 V İslam Həmrəyliyi Oyunlarında 2 bürünc medal əldə ediblər.