Son illərdə ölkəmizdə marafon yarışlarına marağın artdığını müşahidə edirik. Ardıcıl 4 ildir Heydər Əliyev fondunun təşkilatçılığı ilə keçirilən “Küləyə qalib gəl” devizli “Bakı Marafonu”nun da bu idman növümünün populyarlığına müsbət təsir etdiyi göz önündədir.
Bakı marafonunun keçirilməsində məqsəd idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. Ölkə paytaxtında keçirilən yarışın qalibinin əcnəbilər olması çox müzakirə olunurdu. Biz də ölkəmizi marafon və ultra marafon yarışlarında təmsil edən idmançılar barədə araşdırma etdikdən sonra, Azərbaycanın məsafə rekordçusu Elmir Əsgərovla tanış olduq. Azərbaycanın ilk sutkalıq qaçan ultra marafonçusu Offsideplus.az saytının suallarını cavablandırıb.
- Əvvəlcə sizi yaxından tanıyaq. Elmir Əsgərov kimdir?
- Adım Elmir, soyadım Əsgərov. Bakıda doğulmuşam. Hazırda Rusiya Federasiyasının Moskva vilayətində, Klin şəhərində yaşayıram, 4 ildir ora köçmüşəm. Bakı Dövlət Universitetinin İqtisadi kibernetika fakultəsini bitirmişəm. Ticarətlə məşğulam. Marafon yarışlarında isə həvəkar kimi iştirak edirəm. 39 yaşımdayam. Ailəliyəm, 2 övladım var.
- Marafon yarışlarında iştirak etmə marağı necə yarandı?
- Düzünü desəm, mən uşaqlıqda - 16 yaşıma qədər futbolla məşğul olmuşam. Gənclər arasında futbol üzrə II dərəcəli idman ustasıyam. 16 yaşımda seçim etməli idim - ya futbol, ya da universitet. Mən də ikincini seçdim. Həmin vaxt bizim məktəbin uşaqlarını Buzovnanın "Xəzri" futbol klubu götürürdü, sonradan o komanda da dağıldı. Məni də götürmüşdülər, ancaq gedəsi olmadım. Ondan sonra aktiv idmanla məşğul olmamışam. Marafon yarışlarına qatılmağım təsadüfi baş verdi. Ötən ilin yanvarında uşaqlıq dostumla mübahisə etdik. Dedi ki, “qaça bilməzsən”. O vaxt söhbət 30 km-dən gedirdi. Mən də Moskva yarı marafonunun elanını görmüşdüm. Bu yarış may ayında keçirilir. Ötən il mayın 20-si, bu il isə 19-unda keçirilib. Qərara gəldim ki, o yarışa hazırlaşım. 2 ay hazırlaşdım və Moskva yarı marafonunda iştirak etdim. 2 saat 10 dəqiqəyə qaçmağı planlaşdırırırdım. Elə alındı ki, 1 saat 50 dəqiqəyə qaçdım. Bu nəticə çox xoşuma gəldi. Həm marafonun gedişindəki hisslər, həm finiş eyforiyasını çox bəyəndim. Evə qayıdan kimi 3 yarışa yazıldım - Lujniki və Sankt-Peterburq yarı marafonlarına, Moskva marafonuna. Sonuncu çox möhtəşəm yarışdır və mən deyərdim ki, ən yaxşı 15 marafon yarışı varsa, onlardan biri Moskva marafonudur, məsafə 42 km-dır. Marafon yarışları 42 km 195 m, yarı marafon isə 21 km 97 metri əhatə edir. Bir incə məqam da var ki, 21 km varsa, 97 metr yoxdursa, bu halda yarı marafon sayılmır.
- İştirak etdiyiniz marafon yarışlarındakı məsafələr barədə məlumat verərdiniz.
- 4 yarışdan sonra internetdə təsadüfən bir video ilə qarşılaşdım. Rusiyada bir ultramarafonçu var İvan Zaborski. O 2018-ci ildə Milan - San Remo yarışının qalibi oldu, həm də rekord göstərici ilə. 283 km məsafəni 29 saat yarıma qaçmışdı. Mənə çox maraqlı gəldi ki, niyə biz o məsafəni qaça bilmirik, biz türklər, azərbaycanlılar. Həmin adamla internet vasitəsi ilə əlaqə saxladım. görüş təyin elədik. Görüşdük, tanış olduq, dostlaşdıq. Mənə bu yarışla bağlı bəzi məsələləri başa saldı. Nə nədir, nə nə deyil. Mən də özümə söz verdim ki, Milan - San Remonu qaçacam. Və plan bu idi ki, 2019-da 100 km qaçım, 2020-də 150 km qaçım, son nəticədə gəlib 283 km-ə çıxaram. Axtarış etdim, 2019-cu ilin mayın 25-ində Volqoqradda 205 km məsafəyə qaçış olacağını öyrəndim. Bu yarışa qatılmağı düşündüm. Əlaqə saxladım, təşkilatçılar bildirdi ki, iştirakım mümkün deyil. Bu yarışda iştirak üçün daha əvvəl 100 km qaçmaq şərti var imiş. Bu kimi yarışlarda iştirakçı sayı limitli olur. Həmin say isə gündən-günə azalır. 100 km qaçmaq lazımdır ki, həmin yarışa buraxsınlar. Mən də həmin vaxt Moskva yarı marafonundan zədəli idim. Zədəmi sağaldıb, 1 həftə məşq etdikdən sonra bir yarış tapdım 100 km məsafəsi olan. Hazırlıqsız idim, cəmi 1 həftə məşq edib 40 km qaçmışdım. Zəng etdim, məlum oldu ki, qeydiyyat bitib. Azərbaycan, Bakı dedikdən sonra, onlara xaricdən qatılan iştirakçının olması maraqlı gəldi və iştirakıma razılıq verdilər. Qatıldım, ancaq məşqsiz çox çətin idi. Orda 14 saatlıq limit vardı. 14 saat dayanmadan qaçmadınsa, sayılır. 63-cü km-də zədələndim, baxdım ki, hələ 7 saatım var. Qaçmaq alınmasa da, gəzib finiş etmək olar. Axsaya-axsaya gedərək 13 saat yarıma finişə çatdım. Əsas o idi ki, 14 saatdan tez çatdım və mənə iştirak hüququ verildi. Sonrakı gün çox ağır oldu, gecəni də yata bilməmişdim ağrıdan. Həmin məsafəyə bədən hazır deyildi. Hətta həmin gün geri qayıda bilməmişdim. Səhəri gün evə qayıtdıqdan sonra aktiv şəkildə məqalələr oxuyub yarışa hazırlaşmağa başladım. Qışda bir yarışda iştirak etdim. Daha sonra ultramarafonçuların iştirak etdiyi bir yarış barədə məlumat öyrəndim.
-İştirak üçün özünüz müraciət edirsiniz həmişə, yoxsa yarışlar olanda dəvət edən qurumlar var?
- Daha çox özüm maraqlanıb müraciət edirəm. Bu işlə məşğul olan qurumlar da var. Məsələ burasındadır ki, mən Rusiya vətəndaşı deyiləm, ikincisi də Azərbaycanda bu idman növü inkişaf etməyib. Hətta Atletika federasiyasının saytına girəndə orda yetərli məlumata rast gəlmək olmur. Məsələn, dünyada bəzi yarışlar var: 6, 12, 24, 48 saatlıq. Rusiya Federasiyasında onların da öz normativləri olur. Mənim avqustun 17-si yarışım olacaq, Moskva kubokunda 24 saatlıq yarışda iştirak edəcəyəm. Mən orda 225 km məsafə qaçsam idman ustalığına namizəd olacağam. Bu Rusiya standartları ilədir, Azərbaycanda belə təyinat yoxdur. Bizim federasiya hələ tam yetişməyib.
- Əsas iştirakdır, yoxsa nəticə?
- 39 yaşım var və aktiv şəkildə cəmi 9 aydır məşğul oluram. 9 aya görə 1 sutka qaçmaq çox uğurlu nəticədir. Bunu özümü tərifləmək üçün demirəm. Bu gün üçün əsas iştirak və təcrübədir. Fevral ayında 24 saatlıq yarışda iştirak etmək üçün Tayvana yollandım. Xeyli də xərcim çıxdı. Orda iştirakımda əsas məqsəd 180 km qaçıb, normativ əldə etmək idi. Bu mənə 246 km-lik Afina-Sparta marafonunda iştirak üçün lazım idi, limit isə 36 saat idi. Tayvanda cəmi 128 km qaça bildim. Təcrübəsizlik öz sözünü dedi. Zədə və mədəmdə yaranan problemlərdən yarışı yarımçıq dayandırdım. Bunu deməkdə məqsədim budur ki, bu etapları, mərhələləri keçmədən qələbədən, uğurdan danışmaq mümkün deyil. İndi hədəflərim daha böyükdür. Sutkaya 225 km qaçmağı planlaşdırıram.
- Ultra marafonlarda davamlılıq və fasilə necə nizamlanır?
- Bu yarışa görə dəyişir. Vaxtla yarışlar var ki, məsələn, 6 saatlıq yarışda start verilir və sizə 6 saat vaxt verilir. İstəyirsiniz 1, istəyirsiniz 10 dəqiqə qaçın, istəyirsiniz də 6 saatın hamısını qaçın. Bu sizdən asılıdır. 1 saat qaçıb 5 dəqiqə istirahət də edə bilərsiniz, ancaq nəzərə alın ki, rəqibləriniz sizi keçəcək. Ukraynalı dostum Andrey Vasilyanka bu yaxınlarda Ukrayna çempionatında iştirak edirdi. 48 saatlıq yarış idi. 25 saat dayanmadan qaçsa da sağlıq problemləri səbəblərindən yarışı yarımçıq dayandırmalı oldu. Bu yarışda yatanlar da vardı. 9 ay əvvəl ürəyindən əməliyyat olunmasına baxmayaraq, 217 km qaçmışdı. Kardiosimulyatorla qaçmaqda ən yüksək rekord 170 km idi. O yeni rekorda imza atdı. Dayansan öz itkindir. Buna görə də biz qaçanda qidalanmağa çalışırıq.
- Qidalanmaqdan söz düşmüşkən, qida rejiminiz necədir?
- Qidalanma məşq proseduruna və yarış vaxtına görə dəyişir. Əsas qidamız karbohidratlardır. Çünki insanı hərəkətə gətirən əsas enerji mənbəyi qlikagendir. O qaraciyərdə yığılır. Qlikogeni bədən karbohidratlardan götürür. Karbohidratlar da qısa və uzun müddətli olmaqla 2 hissəyə bölünür. Şirin qidalar, şəkər və s. qısa müddətli karbohidratdır, düyü, qarabaşaq və digər bu kimi qidalar isə uzunmüddətli karbohidratlardır. Bundan əlavə zülallar da qəbul edirik. Yağ o qədər də istifadə etmirik. Maqni, kalsium, sink da daxil olmaqla çoxlu duzlar yeyirik. Su temperatura görə dəyişir. Normalda gündə minimum 3 litr su içirik. Yarış zamanı vəziyyət dəyişir. Hər idmançının öz sirrləri olur. Ultramarafonçular mədəsi ilə qaçırlar. Mənim də xüsusi içkim var, məqçi ilə məsləhətləşmişik. Qida rejimi və məşq prosesində həmin məşqçi çox kömək edir.
- Bir az da məşq prosesiniz barədə danışaq.
- Hər gün səhərlər 6-da durub qaçıram. Bu müəyyən məsafələrlə olur. Vaxta, məsafəyə və sürətə görə dəyişir. Qaçış, yerimə vaxta görə dəyişir. Dəyişiklik məşqçinin tapşırıqlarına əsasən olur. Həftəlik məşq edib hesabat verirəm və növbəti həftə üçün məşq qrafiki hazırlanır. Yeri gəlmişkən, məşqçim İvan Zaborskinin məşqçisi Aleksandr Qolovindir.
- Finişə çatmadan yarışı dayandırdığınız olubmu?
- Olub. Fevralın əvvəlində Rostovda 70 km-lik yarış keçirilirdi. Bu məşq xarakterli yarış idi. Bir dəfə yarış olan ərazi çox qarlı idi. 45 km-dan sonra başa düşdüm ki, artıq dayandırmalıyam. Qar dizdən idi, burda sona qədər qaçsam özümü zədələyə bilər, növbəti sutkalıq yarışı buraxmalı olacaqdım. May ayında 205 km-lik məsafəlik yarışa qoşuldum. Yarım il hazırlaşmışdım. Orda qidalanma səhvindən 93-cü km-də yarışı dayandırmalı oldum. Bu yarış da limitlə idi. 48 km-ə 6,5 saata 84 km-ə isə 10,5 saata, 120 km-ə 15 saata çatmalı idim. 120 km-dən sonra azadsan, vaxt limiti aradan qaldırılır. 84 km-ə çatanda yarım saat vaxtım var idi və məndə artıq qıcolma başlamışdı. Bildim ki, 3 saata çatdıra bilməyəcəm. 2 həftə sonra 165 km-lik yarışda iştirak etməli idim. Bu yarışı məşqçimdən gizlətdim. Çünki 2 həftə sonra o məsafəni qaçmaq olmaz. Bilirdim ki, desəm, icazə verməyəcək.
- Yarışlarda üzləşdiyiniz ən maraqlı hadisə nə olub?
- Maraqlı hadisələr daha çox problemlərlə əlaqəlidir. Tayvanda səhv qidalanmışdım. Orda təcrübəm də yox idi, məşqçim də. İkinci saatda mədəmdə ağrı başladı. Orda 16 saat qaçmışdım, 14 saatını ağrı ilə. Həkim də tapa bilmədim deyə, özümə ağrıkəsicini də özüm vurmuşdum. Həyatımda ilk dəfə idi özümə iynə vururdum. Üstəlik də, nə spirt vardı, nə də bint. Nəm salfetkadan istifadə etmişdim. Son yarışda krasovkamın bir tayını palçıqda itirdim. Sonra onu tapıb palçığını təmiləyib geyindim və yola davam etdim. Olur belə hallar. Həmin traslarda ayaqqabılara çox rast gəlinir.
- Ayaqqabısız qaçanda ayaq zədələnmir?
- Ultra marafonçuların psixologiyası fərqlidir. Biz beynimizlə qaçırıq. Ağrını düşünmürük. Zəhərlənmiş vəziyyətdə, mədə və ya ağrıyan ayaqla qaçdığım olub. Ayaqqabı seçimi də çox önəmlidir. Yanlış seçim olarsa, ciddi narahatlıq yaranır.
- Qarşıda hansı yarışlar var?
- Bir neçə yarışa hazırlaşıram. Avqustun 17-sində sutkalıq yarışda iştirak edəcəm. Bizim məşqçi ilə ilkin hədəfimiz 200 km idi. Spartakfon-un normativini - 180 km-i yerinə yetirməkdir əsas məqsəd. 165-i qaçandan sonra başa düşürük ki, 200-ü də qaça bilərik. 225 km qaçmaq rus standartları ilə idman ustalığına namizəddir. Qlobal hədəflərim var. Mən bir az türkçüyəm. Azərbaycan türklərini dünyada tanıtmaq istəyirəm ki, bilsinlər biz də bu idman növündə varıq. Azərbaycanda sutkalıq qaçan təkcə mənəm, çox istərdim ki, sayımız artsın. Məsələn, mən İvanın videosundan ilhamlanıb qaçmağa başladım. İstərdim ki, həmyerlilərim də məni görüb bu sahə ilə maraqlansınlar. Moskvada qonşularımızdan bir neçəsi artıq səhərlər mənimlə qaçırlar. Daha sonra 4-6-10 sutkalıq marafonlarda iştirak etmək istəyirəm. Gələn il 205 km məsafəni qaçmağa özümə söz vermişəm, hədəfim ilk 10-luqdur. Bu il ilk "25-lik"də yer almışdım. 84-cü kilometrdə 25-ci idim. Finişə 80 marafonçudan 20-si çata bilmişdi. 165 km məsafədə isə ilk "3-lüy"ə düşməkdir hədəfim.
- Uzun məsafə qaçandan sonra özünüzü necə motivasiya edirsiniz?
- Çox olur ki, 50 ya da 80 km məsafəni qaçdıqdan sonra fikirləşirsən ki, "mənim burda nə işim var?", ya da "indi evdə tv izləyə, istirahət edə bilərdim, buna məcbur deyiləm" və s. Bu halda daha çox Azərbaycanı təmsil etdiyimi düşünürəm. Həmişə bayrağımızı götürürəm, finişə çatanda çiynimdə olur. Canlı yayımda azərbaycanlı idmançı deyə təqdim olunursan deyə, ağlından dayanmaq fikri keçmir. Həm də bəzən yarışın əhəmiyyətlilik dərəcəsini nəzərə almalı olursan. Ağrı problem deyil, oynaq müəyyən həddə qədər problem deyil. Ancaq elə məsələlər var ki, gərək orda dayandırasan. Məsələn bədənin susuzlaşanda vaxtında dayanmasan komaya düşə və ayılmaya bilərsən.
- Ultra marafon yarışlarında iştirak etmək istəyənlərə tövsiyələriniz nə olardı?
- Mən ilk 4-5 ayımı çox səhv məşğul olmuşam, bu səbəbdən də çoxlu zədələr aldım. İdman ayaqqabılarımı səhv seçirdim, məşq prosesimi səhv keçirdim. Ona görə ilk növbədə məlumat toplasınlar. Kamran Abdullayev adlı bir dostumuz var o həvəskarlar üzrə Azərbaycanın marafon rekordunu yenilədi. Ona proqram yazmaqda kömək edirəm. Paris marafonunda 3 saat 4 dəqiqə nəticə göstərdi. Kamranın 24 yaşı var və qarşıda daha çox uğurlar qazana bilər. Təzə başlayanlar mütləq məsləhət almalıdırlar. "Bakı Marafon klubu"na yaza bilərlər. Hətta mənimlə əlaqə saxlaya bilərlər, böyük məmnuniyyətlə kömək edərəm.