“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda “Ayaks”a 2:4 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI tur oyunundan sonra matçla bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, mətbuat konfransında çıxış edən mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

“Rəqibi təbrik edirəm. Futbolçularımdan razı qaldım. Son illər belə sürətli oyun nadir hallarda olur. Bu cür komandalar səhvləri bağışlamır. UEFA Çempionlar Liqasında istənilən nəticəni gözləmək lazımdır. Meydanda döyüşərək məğlub olduq. Heç-heçə haqqında düşünmürdük, qalibiyyət barədə fikirləşirdik. Sadəcə qələbə çatmadı. Azarkeşlərə təşəkkür edirəm, futbol bayramı idi. Belə nəticələrə hazır olmaq lazımdır.”

Təcrübəli çalışdırıcı komandasında çoxlu qol epizodlarının olduğunu, lakin bunlardan istifadə edə bilmədiklərini vurğulayıb:

“Çox yaxşı qol şanslarımız oldu, amma yararlana bilmədik. Rəqib bizə nisbətən daha yaxşı yararlandı. Sonradan meydana girən futbolçulardan tam razı qalmadım. Daha yaxşı ola bilərdilər. Sadəcə, bu gün alınmadı.”

Qurban Qurbanov futbolçuların paltardəyişmə otağına məyus halda döndüklərini də diqqətə çatdırıb:

“Onlar da şansdan maksimum istifadə etməyə çalışdılar, amma nəsib olmadı. Paltardəyişmə otağında da kefsiz olduqlarını gördük. Onları qaytarmaq üçün vaxtımız olacaq. Şansımız varsa, maksimum istifadə etməliyik.”

Baş məşqçi “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasındakı çıxışına da toxunub və Azərbaycan futbolundakı struktur problemlərə diqqət çəkib:

“Bu, bizim futbolun yaralı yeridir. 19 yaşlılarımızda fərq bu qədər hiss olunursa, 4-5 ildən sonra nə olacaq? Bu, böyük təhlükədir. Avropada uşaq futbolu deyəndə ağıla gələn ilk klub “Ayaks”dır. Onların şəraiti ilə bizim şərait arasında böyük fərq var. Biz də şəraitimizi yaxşılaşdırmalı və daha diqqətli olmalıyıq.”

Qurbanov məğlubiyyətin səbəblərindən danışarkən müdafiədəki çatışmazlıqlara diqqət çəkib:

“İlk qollarda bir az diqqətsiz olduq, sonra rəqibin ustalığı ön plana çıxdı. Sonuncu qolda Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Qarşılaşmanın sonlarında yorğunluq da hiss olunurdu.”

Baş məşqçi Nəriman Axundzadənin oyunu barədə geniş danışmasa da, müəyyən çatışmazlıqların olduğunu etiraf edib:

“Onunla bağlı çox müzakirələr gedir. Özüm də nə deyəcəyimi bilmirəm. Daha yaxşı oynaya bilərdi. Bu, digər sonradan daxil olan futbolçulara da aiddir. Bəlkə də həddindən artıq istək bizi yordu.”