“Həm mübariz, həm də səbrli olmalıyıq”.

Offsideplus.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Çelsi" (İngiltərə) matçından öncə baş tutan mətbuat konfransında “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev deyib.

Cinah müdafiəçisi matçla bağlı fikirlərini bölüşüb:

“Sabah bütün Azərbaycanın gözü bizdə olacaq. Buna baxmayaraq, komanda olaraq çox rahat oynamalıyıq. Rəqibi analiz etmişik. Mənfi və müsbət tərəflərini bilirik. Bir qədər fərqli sistemdə oynayırlar. Komandanın çox güclü futbolçuları var. Buna görə də çox diqqətli davranmalıyıq. Komanda olaraq oyuna hazırıq”.

Cəfərquliyev meydanda aqressiv davranması ilə bağlı sualı belə cavablandırıb:

“Mənim xarakterimdə aqressivlik var. Bu səbəbdən müəyyən məqamlarda çılğınlıq ola bilər. Ancaq bunun üzərində işləyirəm. Mən mübarizələrə girəndə kart almağı yox, top almağı fikirləşirəm”.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.