Çempionlar Liqasının yayım hüququ "Netfliks"ə keçə bilər.

Offsideplus.az xəbər verir ki, UEFA 2027–2033-cü illəri əhatə edəcək yeni yayım hüquqları dövrü üçün tarixinin ən böyük rəqəmsal anlaşmasına hazırlaşır.

Məlumata görə, "Netfliks" Çempionlar Liqasında “qlobal ilk oyun seçimi” hüququnu əldə etmək üçün 5 milyard avroya qədər təklif verməyə hazırlaşır.

2027-ci ildən etibarən UEFA hər həftə turnirin ən maraqlı oyununu yalnız bir yayımçının yayımlaya biləcəyi yeni sistemi tətbiq edəcək.

Bu addım "Netfliks", "Amazon Prime Video", "Disney+" və "DAZN" kimi rəqəmsal nəhənglərin marağına səbəb olub. Xüsusilə "Netfliks"in bu proseslə futbol yayım bazarına rəsmi şəkildə daxil olacağı gözlənilir.

UEFA-nın yeni yayım dövrü ilə illik gəlir hədəfi 5 milyard avrodur. Bu, hazırkı 3,3 milyard funt sterlinqlik gəlirlə müqayisədə ciddi artım deməkdir.

UEFA prezidenti Aleksander Çeferin məsələyə münasibət bildirərək deyib:

Ən əlçatan və ən innovativ futbolu təqdim etmək üçün buradayıq. Rəqəmsal platformaları ən effektiv şəkildə istifadə edərək oyunu hamıya daha yaxınlaşdıracağıq.

Yeni model çərçivəsində Böyük Britaniya, Almaniya, Fransa, İspaniya və İtaliya kimi beş böyük televiziya bazarında yayım hüquqları ilk dəfə eyni anda satışa çıxarılacaq.

Yeni dövr 13 oktyabr 2025-ci ildə başlayacaq.

Bu qərarın həm klubların gəlirlərini artıracağı, həm də futbol yayımında rəqəmsal dövrü rəsmi şəkildə başlada biləcəyi bildirilir.