"İlk öncə futbolçularımı təbrik edirəm. Şükürlər olsun ki, Çempionlar Liqasının Liqa mərhələsinə düşə bildilər."

 Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ı çalışdıran Qurban Qurbanov oyundan sonra mətbuat konfransında deyib.

O, fikirlərinə bu cür davam edib: "Onlara öz təşəkkürümü də bildirdim."

Qurban Qurbanov, həmçinin, Prezident İlham Əliyevi də təbrik edib: "Cənab prezident də bizi rəsmi təbrik edib. Mən də onu təbrik etmək istəyirəm. Başda cənab prezident olmaqla bütün ailəsini təbrik edirəm. Bir daha göstərdi ki, gözü üstümüzdədir"

Tribunanın dolu olması və azarkeşlərin dəstəyini vurğulayan Qurbanov - "Futbolçularıma qayıtmaq istəyirəm. Gərgin bir oyun idi. Əvvəllər də belə oyunlarımız oldu. Amma çoxdandır stadionumuz belə görmürdüm. Onlar da çox gərgin idilər. Bəlkə də ən çox layiq onlar idi. Azarkeşlərimiz də təbrik edirəm" - deyə açıqlamasını davam etdirib.

Bakı Olimpiya Stadionunda ev oyunlarını keçirmək barədə onun açıqlaması: "Hələ qərar verməmişik. Bu, məni aşan məsələdir. Çempionlar Liqasının ciddi tələbləri var. Ot örtüyü və başqa detallar da var. BOS-da son vaxtlar bir neçə tədbir olub. Hazırda bilmirəm orada ot örtüyü nə vəziyyətdədir. Bir təklif olarsa, orada oynamağa hazırıq"

"Qarabağ"ın çalışdırıcısı rəqib "Ferenstvaroş"u qələbəyə daha layiqli bilib: "Bəzən oyunlar olub ki, o oyunlarda məğlub olmuşuq. Ancaq şərəfli məğlubiyyət olub. Bugünkü oyunda "Ferentsvaroş" qələbəyə layiq idi. Özünüz gördünüz, onlar necə bərk komanda idi."

Qurbanov buna görə futbolçularına irad bildirməyəcəyini dedi: "Mən futbolçularıma buna görə irad bildirməyəcəm. Son 3 gündə onların yanında idim. Onların necə gərginlik keçirdiyini yaxşı bilirdim. Oyuna vaxt azaldıqca gərginlik daha da artırdı. Sadəcə onları təbrik edib, bağrıma basıram"

Transferlər barədə isə bunları qeyd edib: "Hücum xəttindəki oyunçularım sayını artırmaq istəyirik. Som zamanlar demək olar vaxtımızın əsas hissəsini transferlərə ayırmışıq. Bəli, yenə tələsmədik transferdə. Bəlkə də gecikdik. Amma yeni oyunçulara ehtiyacımız var. Get-gedə yüklənmə artacaq. Çox ciddi iş gedir yeni transferlər üçün"