UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi üzrə ilk oyunda "Qarabağ" bu gün "Şkendiya"nı məğlub edib.
Offsideplus.az xəbər verir ki, 0:1 hesabı ilə meydan sahiblərinə qalib gələn Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib. O, matçla bağlı fikirlərini bölüşüb:
"İlk öncə, sona qədər döyüşən və yaxşı mübarizə aparan futbolçularımı təbrik etmək istəyirəm. Bu kimi oyunlarda axıra qədər vuruşmaq vacibdir. Bəzi səhvlərimiz oldu, lakin nəticə bizim üçün əhəmiyyətlidir. "Şkendiya" ilə bağlı ancaq yaxşı sözlər deyə bilərəm, rəqib hər iki oyunda FKSB ilə yaxşı mübarizə apardı və işimizi çətinləşdirdilər. Bugünkü qələbə vacibdir, amma Bakıda diqqətli olmalıyıq. Evdəki oyunda hesabın belə yaxın olmasına icazə verməməliyik".
Bakıda keçiriləcək cavab oyunu avqustun 12-si saat 20:00-da Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq.



