"Qarabağ" klubu Birləşmiş Millətlər Təşkilatının (BMT) “İqlim Fəaliyyəti üçün İdman” təşəbbüsünün rəsmi tərəfdaşı olub.
Offsideplus.az xəbər verir ki, İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) həyata keçirdiyi bu təşəbbüsə qoşulmaqla, Ağdam təmsilçisi həm də BMT-nin “Race to Zero” kampaniyasının bir hissəsinə çevrilib. “Qarabağ” Paris Sazişinin məqsədlərinə uyğun olaraq idman sektorunda sıfır karbon emissiyasına keçidə dəstək verib.
Klubun prezidenti Tahir Gözel bildirib:
“Bu nüfuzlu təşəbbüsə qoşulmaq bizim üçün təkcə beynəlxalq tanınma deyil, həm də böyük məsuliyyətdir. İdman cəmiyyətləri güclü nüfuz vasitəsidir və biz bu gücü ətraf mühitin qorunması istiqamətində istifadə etməyə hazırıq. Bu təşəbbüsün bir parçası olmaqdan həm sevinc, həm də qürur duyuruq. Klubumuz Qarabağ adını uzun illərdir Avropada layiqincə, böyük məsuliyyətlə daşıyır. Əsas komandamızın qazandığı davamlı nəticələr, klubumuzun gördüyü işlər beynəlxalq qurumların diqqətindədir. Bütün bunlar “Qarabağ”ın dünyada güvən qazanmasına, tanınmasına səbəb olub. BMT-nin təşəbbüsündə də həm ölkəmizi, həm Qarabağ adını layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.
Xatırladaq ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb. Dünyanın, xüsusilə Avropanın iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində tanınmış və təcrübəli futbol klubları - “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) “Qarabağ”ın dəvətini qəbul edərək alyansa qatılmaqla bağlı deklarasiya imzalayıblar. “Qarabağ” Futbol Klubu bu addımı yüksək qiymətləndirən, klubumuzun öhdəliklərinə, göstərdiyi cəhdlərinə müsbət cavab verən və üzvlüyə qəbul edən UNFCCC komandasına dərin təşəkkür edir.
Qeyd edək ki, "Qarabağ" bu platformaya qoşulmaqla qlobal iqlim fəaliyyətinə idman vasitəsilə töhfə verməyi öhdəsinə götürüb. Öhdəliklər karbon emissiyalarının 2030-cu ilə qədər ən azı 50 faizə qədər azaldılmasını, 2040-cı ilə qədər 0-a endirilməsini, illik iqlim hesabatlarının ictimaiyyətə açıqlanmasını, 12 ay ərzində konkret fəaliyyət planının təqdim edilməsini, iqlim məsələlərinin tərəfdaşlarla açıq şəkildə bölüşülməsini əhatə edir.